Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 85 yaşı tamam olur
12.09.2018 09:55
  • A-
  • A
  • A+

Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 85 yaşı tamam olur

Sentyabrın 13-də görkəmli Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, Xalq artisti, "Şərəf nişanı" və "İstiqlal" ordenləri laureatı, akademik Arif Məlikovun 85 yaşı tamam olur.

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) Qara Qarayevin bəstəkarlıq sinfində bitirib. Həmin ildən orada dərs deməyə başlayıb və hazırda qurumun professoru və Bəstəkarlıq kafedrasının müdiri kimi fəaliyyət göstərir.

Bəstəkarın yaradıcılığı parlaq istedad və özünəməxsusluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.

Arif Məlikov yaradıcılığının təbiətinə görə simfoniyaçıdır. O, öz simfoniyaları ilə XX əsrin sonu – XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən edib. Bəstəkarın əsərləri onun yeni formalar, müasir konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.

Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət əfsanəsi" (1961) baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. A.Məlikov "Ölümdən güclü ", "Yer üzündə iki nəfər", "Əlibaba və qırx quldur", "İki ürək dastanı", "Yusif və Züleyxa" baletlərinin, “Azərbaycan” balladasının, "Dalğalar" 3 hissəli operettanın və 8 simfoniyanın müəllifidir. O, həmçinin 30-a yaxın Azərbaycan filminə musiqi bəstələyib. 2016-cı ildə bəstəkarın 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap edilib.

Görkəmli bəstəkarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən əsərləri eyni həyəcan və coşqu ilə dünyanın hər bir ölkəsində dinlənilir, səhnələşdirilir. Onun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.

A.Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibidir. Onun sinfində təhsil alan onlarla istedadlı gənc bəstəkar öz müəllimindən sənətin sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı, alimin himayəsi altında böyük həyat məktəbi keçir. Akademikin rəhbərliyi altında 80-dən çox bəstəkar və nəzəriyyəçi hazırlanıb.

O, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1965), "Şərəf nişanı" ordeni (1971), Azərbaycan SSR Xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), SSRİ Xalq artisti (1986), "İstiqlal" ordeni (1998), "Heydər Əliyev" ordeni (2013) kimi yüksək dövlət mükafatlarına, eyni zamanda, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" (2015) və digər mükafatlara layiq görülüb.

85 illiyini qeyd etməyə hazırlaşan canlı klassikimiz Arif Məlikovun sənət yaşını heç kəs bilmir. Onun yaşı musiqimizin yaşı qədər qədim və gəncdir. “Məhəbbət əfsanəsi” ilə şöhrəti əfsanələşmiş bənzərsiz sənətkara yeni-yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: