Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Görkəmli bəstəkar Arif Məlikova “Şöhrət” ordeni təqdim edilib
19.09.2018 09:33
  • A-
  • A
  • A+

Görkəmli bəstəkar Arif Məlikova “Şöhrət” ordeni təqdim edilib

Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Festivalın açılışı SSRİ Xalq artisti, görkəmli bəstəkar, akademik Arif Məlikovun 85 illiyinə həsr edilib.

Açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Üzeyir Hacıbəylinin göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk etdiyini bildirib. O, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ümummilli liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. 

Əbülfəs Qarayev vurğulayıb ki, bu gün də Üzeyir bəy ənənələri davam edir. Azərbaycan musiqisi dünyanın hər bir yerində səslənir. Musiqimiz həmişə xalqımızla bərabər yaşayacaq, hüdudları aşaraq dünya miqyasında öz şöhrətini qazanmaqda davam edəcək. 

Bildirilib ki, festivalın açılışında müxtəlif müəlliflərin əsərləri səslənəcək. Bu əsərlərin sırasında Azərbaycanın görkəmli bəstəkarı, Üzeyir bəy və Qara Qarayev məktəbinin layiqli davamçısı Xalq artisti Arif Məlikovun da əsəri yer alır. Bu il bəstəkarın 85 illik yubileyidir. Bəstəkarın yubileyi silsilə tədbirlərlə qeyd edilməkdədir.

Nazir dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Məlikovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyaraq ali mükafatı yubilyara təqdim edib.

Gecədə ilk olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səslənib.

Festival sentyabrın 28-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: