Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Baba Nemətullah Naxçıvaniyə həsr olunan elmi konfrans keçirilib
19.09.2018 14:20
  • A-
  • A
  • A+

Baba Nemətullah Naxçıvaniyə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani və orta əsrlər İslam mədəniyyəti” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müxtəlif illərdə yazıb-yaratmış Naxçıvan ədəbi mühitinin Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər barədə məlumat verib. O, sufi şeyxlərindən olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığından danışıb. Bildirib ki, böyük mütəfəkkir “Quran”ı təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb.  O, təsəvvüf və təfsir sahəsində əsərlər qələmə alıb.

Diqqətə çatdırılıb ki, Baba Nemətullah Naxçıvani həyatının çox hissəsini Naxçıvanda, sonralar isə Təbriz və Türkiyənin Konya vilayətinin Ağşəhər qəsəbəsində yaşayıb. Alimin adına 2003-cü ildə Konya valiliyinin təşəbbüsü ilə Ağşəhərdə məktəb tikilib.

Vurğulanıb ki, Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı (“Əl-Fəvatihül İlahiyyə vəl Məfatihül Qeybiyyə”) “Quran” təfsir kitabı üç cilddən ibarətdir. İlk cilddə 13, ikinci cilddə 20, üçüncü cilddə isə 81 surənin təfsiri və şərhi yer alıb. Əsərin orijinalı İstanbulda Topqapı Sarayı III Əhməd Xan Kitabxanasında mühafizə olunur.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Görkəmli sufi şeyxi və filosofu Baba Nemətullah Naxçıvani”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Baba Nemətullah Naxçıvaninin həyatı və yaradıcılığının tədqiqi tarixi”, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Baba Nemətullah Naxçıvaninin dövrü və mühiti”, Əlyazmalar Fondunun Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun “Baba Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan əlyazmaları”, Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Baba Nemətullah Naxçıvani “Quran” təfsirçisi kimi” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: