Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.09.2018 16:36
  • A-
  • A
  • A+

AMEA-nın nümayəndə heyəti Belarusda keçirilən beynəlxalq konqresdə iştirak edib

AMEA-nın nümayəndə heyəti Belarusda keçirilən beynəlxalq konqresdə iştirak edib

Sentyabrın 20-də Minskdə Belarus Milli Elmlər Akademiyasının yaranmasının 90 illiyi və Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının (BEAA) 25 illiyi münasibətilə beynəlxalq konqres keçirilib.

Tədbirdə ölkəmizi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli“AMEA Yüksək Texnologiyalar Parkı”  MMC-nin direktoru, i.ü.f.d. Nazim Şükürov daxildir.

Beynəlxalq konqresin rəsmi açılış mərasimində Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub. 

Tədbirdə öncə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının 25 illik fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

İclası BEAA-nın rəhbəri, akademik Vladimir Qusakov açaraq təşkilatın tarixi barədə iştirakçılara məlumat verib. Bildirib ki, qurum 23 sentyabr 1993-cü ildə Kiyevdə yaradılıb və bu gün təşkilatın 13 tamhüquqlu, 6 asossiasiya üzvü var. BEAA-nın SSRİ Elmlər Akademiyasının varisi olduğunu deyən akademik yubiley iclasında bütün keçmiş sovet ölkələrinin elmlər akademiyalarının rəhbərlərinin iştirak etdiyini diqqətə çatdırıb. O, bu gün MDB ölkələrinin iqtisadiyyatlarının inkişafı, eləcə də ekologiya, iqlim, ərzaq, enerji və iqtisadi təhlükəsizliklə bağlı ardıcıl görüşlərin təşkil olunmasının və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Akademik, həmçinin təşkilatın perspektiv istiqamətləri və mexanizmləri, o cümlədən yeni qəbul edilmiş üzvlər haqqında geniş məlumat verib. Bundan əlavə, assosiasiyanın yeni yaradılmış saytını iştirakçılara təqdim edib.

Daha sonra akademik Akif Əlizadə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının sədri V.Qusakova təbrik məktubunu oxuyub.

Geniş məruzə ilə çıxış edən akademiya prezidenti AMEA-nın prioritet elmi istiqamətləri, həmçinin son illərdə aparılan islahatlar haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoyan AMEA-da prioritet sahələrdə araşdırmalar aparılır, dünyanın nüfuzlu elmi mərkəzləri ilə əlaqələr qurulur, azərbaycanlı alimlərin tədqiqatlarının nəticəsi yüksək impakt faktorlu jurnallarda dərc olunur.

Akademik A.Əlizadə Azərbaycan alimlərinin MDB ölkələri, eləcə də Avropanın aparıcı elmi mərkəzlərində mühüm elmi layihələrə rəhbərlik etdiyini, o cümlədən AMEA-nın elmi müəssisələrindən doktorantların həmin mərkəzlərdə təcrübə keçdiyini diqqətə çatdırıb.

Elmi məruzələrdən sonra tədbir iştirakçıları Belarus Milli Elmlər Akademiyasının yaranmasının 90 illiyi ilə bağlı təsis edilən medallarla təltif ediliblər. Akademik Akif Əlizadə və akademik İbrahim Quliyev sözügedən medalla təltif olunublar.

Qeyd edək ki, konqresdə müxtəlif ölkələrin elmi təşkilatlarının, ali təhsil müəssisələrinin, dövlət qurumlarının və işgüzar dairələrinin 500-ə yaxın nümayəndəsi iştirak edir. Konqres çərçivəsində "Qarşılıqlı akademik əməkdaşlıq və dövrümüzün aktual çağırışları", "Elm-texnologiya-innovasiya sistemi: metodologiya, təcrübə, perspektivlər", "Belarusun iqtisadi inkişaf strategiyası: çağırışlar, tətbiq vasitələri və perspektivləri", "Müasirləşmə şəraitində Belarus elmi" və "İnformasiyalaşdırma və elmi-texniki məlumatların dövlət sisteminin inkişafı" mövzularında beynəlxalq konfranslar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: