Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Strateji yol xəritələri və Azərbaycan Milli Elmlər Akademiyası
24.09.2018 17:16
  • A-
  • A
  • A+

Strateji yol xəritələri və Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbirlər uğurla həyata keçirildi. Strateji yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun davamlı inkişafı və ixracı potensialının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkənin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.

2017-ci ilin dərin və sistemli islahatlarında, 2018-ci ilin isə yüksək templi iqtisadi inkişaf ili olmasında Strateji yol xəritələrinin xüsusi önəmi vardır. Azərbaycanın sosial-iqtisadi inkişafının aktual məsələlərini hər zaman diqqət mərkəzində saxlayan “Respublika” qəzeti mütəmadi olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Strateji yol xəritələrinin icrası ilə bağlı silsilə yazılar dərc edilməsi barədə təşəbbüs göstərmişdir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasında görülmüş işlər barədə məqaləni oxucularımızın diqqətinə təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il dekabrında imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ölkənin iqtisadi inkişafının keyfiyyətcə yeni modelinin formalaşdırılması sahəsində dövlət idarəetmə orqanlarının, iqtisadi strukturların, elm və təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında mühüm vəzifələr müəyyən etmişdir. 

AMEA-nın alim və mütəxəssisləri tərəfindən həmin vəzifələrin geniş müzakirə olunduğu toplantılarda ölkənin sosial-iqtisadi inkişafının yol xəritələrində əksini tapmış vacib məsələləri ilə bağlı çoxsaylı əməli təkliflər irəli sürülmüşdür. Bu təkliflər də nəzərə alınmaqla AMEA Rəyasət Heyəti tərəfindən yol xəritələrindəki tapşırıqların icrası üzrə geniş tədbirlər planı təsdiq edilmişdir. Bu gün AMEA elmi kollektivi həmin tədbirlərin həyata keçirilməsi, Azərbaycan elminin inkişafı, elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi, elmin istehsal və təhsil ilə əlaqələrinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Qeyd edim ki, AMEA alim və mütəxəssislərinin Strateji Yol Xəritələrinin icrası üzrə fəaliyyəti yalnız akademiyanın divarları ilə məhdudlaşmır. Onlar xəritələrin müxtəlif istiqamətləri üzrə İqtisadiyyat, Energetika, Təhsil nazirliklərində, Azərbaycan Mərkəzi Bankında, Dövlət Neft Şirkətində, digər qurumlarda yaradılmış işçi qrupların tərkibində mütəxəssis-ekspert qismində fəaliyyət göstərir, təcrübələri ilə bölüşür, sənaye və aqrar müəssisələrdə sahibkarlar, fermerlər, əmək kollektivləri ilə görüşür, real problemlərin həlli yollarını müəyyən etməyə kömək edirlər. İqtisadiyyat İnstitutunun mütəxəssisləri yol xəritələrindəki tapşırıqlardan irəli gələrək hazırlanmış bəzi sənəd layihələrinin ekspertizasını həyata keçirmiş, dövlət orqanlarının, idarə və müəssisə rəhbərlərinin, elmi ictimaiyyətin iştirakı ilə xəritələrin həyata keçirilməsinin müxtəlif aspektlərinə həsr edilmiş müzakirələr, “dəyirmi masa”lar və konfranslar təşkil etmişlər. 

Məlum olduğu kimi, 2018-ci ilin iyul ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Strateji yol xəritələrinin 2017-ci ildə icrasının monitorinqi və qiymətləndirilməsi keçirilmişdir. Həmin monitorinqin nəticələrinə görə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin əsas hədəflərindən olan “İnsan kapitalının inkişafı” üzrə vəzifələrin AMEA tərəfindən icrası ən yüksək 100 balla qiymətləndirilmişdir. AMEA-nın çoxminlik alim və mütəxəssis kollektivi bu nəticədən təbii qürur duysa da, heç bir eyforiyaya qapılmadan əsas işin qarşıda olduğunu, nəzərdə tutulan hədəflərə çatmaq üçün daha çox və səmərəli çalışmağın zəruri olduğunu yaxşı başa düşür.

Strateji Yol Xəritələri ehkam deyil, gündəlik kreativ-intellektual yanaşma tələb edən, beynəlxalq münasibətlərdən, iqtisadi konyunkturadan, açılan imkanlardan asılı olaraq hər növbəti addımın ölçülüb-biçilməsini, aidiyyəti strukturların ətrafdakı dəyişikliklərə operativ və qarşılıqlı reaksiyasını tələb edən məqsəd və istiqamət göstəricisidir. Ölkə başçısının cari il iyulun 17-də imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” sənəd məhz bu yöndə əhəmiyyətli addımdır. Həmin Fərmanda digər mühüm məsələlərlə yanaşı, texniki tənzimləmə və milli standartlar sisteminin formalaşdırılmasında, bu sistemdən yerli biznesə dəstək kimi istifadə edilməsində, ölkədə ekoloji təmiz məhsul istehsalının təşviq edilməsində və bu kimi bir sıra məsələlərin həllində AMEA-nın daha fəal iştirakı nəzərdə tutulmuş, aparıcı iqtisadi dövlət qurumu olan İqtisadiyyat Nazirliyinə elmimizin “Axilles dabanı” olan problemin, - elmi-tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsində əsas icraçı və koordinator qismində çıxış etmək həvalə olunmuşdur.

Ölkə Prezidentinin tapşırığı ilə 2017-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən elmin inkişafının təmin edilməsi və onun hüquqi bazasının genişləndirilməsi məqsədi ilə bir sıra zəruri qərarlar, o cümlədən “Elmi tədqiqat institutunun məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” (No.266), “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” (No.416), “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” (No.584), “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” (No.527), “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” (No.554) və s. qəbul edilmişdir.

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ndə müəyyən edilmiş əsas hədəflərdən biri - ölkədə insan kapitalının inkişaf etdirilməsi məqsədi ilə 2017-ci ildə AMEA-nın təşkilat strukturuna daxil olan 34 elmi tədqiqat institutu, 4 muzey (o cümlədən “Milli” statuslu 2 muzey), Azərbaycan Milli Ensiklopediyası, Yüksək Texnologiyalar Parkı, Şamaxı Astrofizika Rəsədxanası, Mərkəzi Nəbatat Bağı, Mərkəzi Elmi Kitabxana kimi unikal qurumlar, akademiyanın regional təşkilatları - Naxçıvan və Gəncə elmi bölmələri, Şəki və Lənkəran elmi mərkəzləri müxtəlif sahələrdə elmi-tədqiqat işlərinin aparılması, gənclərin elmi yaradıcılığa cəlb edilməsi, elmi kadrların hazırlanması, elmi maarifləndirmə, elmi dünyagörüşünün və biliklərin təbliğ edilməsi vasitəsi ilə müasir Azərbaycanda insan kapitalının inkişafında, biliklərə əsaslanan cəmiyyət quruculuğunda iştirak edirlər. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin gənc alimlərinin birinci qurultayının (dekabr 2017-ci il) iştirakçılarına ünvanladığı təbrik məktubunda elmimizin insan kapitalının inkişafı sahəsində fəaliyyətini yüksək qiymətləndirərək bunun “respublikamızda kreativ düşüncəli və eyni zamanda, dəyərlərimizə sadiq gənc alimlər nəslinin formalaşması baxımından xüsusi əhəmiyyətə malik olduğunu” qeyd etmişdir. 

Aparılan tədqiqatların elmi səviyyəsinin yüksəldilməsi, beynəlxalq standartlara uyğunluğunun təmin olunması və qabaqcıl xarici elmi təcrübənin öyrənilməsi məqsədi ilə AMEA müxtəlif beynəlxalq elmi proqram və layihələrdə, o cümlədən meqa-layihələrdə iştirak edir, xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə əlaqələr qurur, öz əməkdaşlarını, gənc alim və mütəxəssisləri nüfuzlu xarici elmi mərkəzlərə təcrübə keçməyə göndərir. Son beş ildə akademiyanın 4 minə yaxın əməkdaşı xarici ölkələrdə elmi ezamiyyətlərdə olmuş, elmi toplantılarda çıxış etmiş, birgə elmi işlər aparmışdır. 

2017-ci ildə AMEA alimləri nüvə tədqiqatları üzrə Avropa mərkəzinin və Rusiya Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun alimləri ilə birgə CERN-də və Böyük Adron Kollayderin “ATLAS” detektorunda aparılmış beynəlxalq eksperimentlərdə fəal iştirak etmiş, kristallar fizikası, yarımkeçirici heterostrukturlar, Yerin kosmosdan öyrənilməsi üçün informasiya ölçü cihazlarının yaradılması və s. sahələrdə təcrübə qazanmışlar. Yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün Birləşmiş Nüvə Tədqiqatları Mərkəzi ilə imzalanmış Memorandum əsasında AMEA-nın müsabiqə yolu ilə seçilərək Dubnadakı Beynəlxalq Elm Mərkəzinə göndərilmiş 22 gənc əməkdaşı bu elm ocağında daimi əsaslarla çalışmaqdadır.

Akademiyanın alimlərinin yaxından iştirakı ilə sintez olunmuş yeni sinif unikal funksional materiallar - topoloji izolyatorlar Avropa Birliyi ölkələrinin və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilmiş, alınan nəticələr yüksək impakt faktorlu jurnallarda çap olunmuş məqalələrdə öz əksini tapmışdır. Yaxın gələcəkdə bu izolyatorlar əsasında keyfiyyətcə yeni elektronikanın - spintronikanın yaradılması proqnozlaşdırılır.

Fulbrayt Fondunun qrant dəstəyi ilə ABŞ Miçiqan Universiteti ilə AMEA-nın Geologiya və Geofizika İnstitutu “Müasir metod və yanaşmalar vasitəsilə Böyük Qafqazın cənub yamacında mövcud olan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda tədqiqat aparırlar. Bu tədqiqat nəticəsində Böyük Qafqazın 3D seysmogeodinamik modelinin hazırlanması nəzərdə tutulur ki, bu da öz növbəsində tədqiqat ərazisində aktiv deformasiyanın sürəti və lokalizasiyasını, seysmik təhlükələrin daha dəqiq qiymətləndirilməsi imkanını yarada bilər.

Beynəlxalq əməkdaşlığın əməli nəticəsi kimi, 2017-ci ilin noyabrında AMEA Aşqarlar Kimyası İnstitutu Mikrobiologiya və Fiziologiya institutları ilə birgə yeni bioloji fəal üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi mövzusunda multidissiplinar elmi proqramın icrası barədə məlumat vermişdir. Bu maddələrin canlı orqanizmlərə təsiri Türkiyənin Atatürk Universiteti, İtaliyanın Florensiya Universiteti və Səudiyyə Ərəbistanının Kral Saud Universitetinin iştirakı ilə yaradılmış Müştərək Beynəlxalq Tədqiqat qrupu tərəfindən təsdiq olunmuş, alınan ilkin nəticələr yüksək impakt faktorlu beynəlxalq jurnallarda nəşr edilmişdir. Genetik Ehtiyatlar İnstitutunun biotexnologiya şöbəsinin yeni yaradılmış insan genetikası qrupunun elmi işçiləri Ankarada tibbi genetika, farmakogenetika, sitogenetika sahəsində genetik analizlər sahəsində ixtisaslaşmış “İntergen” Genetik Mərkəzində yeni nəsil sekvenser cihazlarından əldə olunan məlumatların (data) bioinformatik analizi ilə məşğul olmuşlar.

2017-ci ildə AMEA 35 hökumətlərarası müqavilənin reallaşmasında iştirak etmiş, müxtəlif dövlətlərin elmi qurumları ilə ikitərəfli əməkdaşlıq haqqında 65 saziş imzalamış, 15 beynəlxalq elmi təşkilatla əməkdaşlıq həyata keçirmişdir. Azərbaycanda keçirilən 34 beynəlxalq elmi tədbirdə və müştərək tədqiqatlarda xarici ölkələrdən 400-dən artıq alim tədqiqatçı, məruzəçi və ekspert qismində iştirak etmişdir. 700-ə yaxın AMEA əməkdaşı il ərzində xarici ezamiyyətlərdə, tədqiqat və ekspedisiyalarda, təlim kurslarında olmuş, elmi tədbirlərdə çıxış etmiş, 78 beynəlxalq elmi layihə və proqramda iştirak etmişdir. AMEA rəhbərliyinin xarici ölkələrdə keçirilən təqaüd proqramları, təlimlər, həmçinin müxtəlif səpkili layihələrdə iştirak edib təcrübə keçmiş əməkdaşlar ilə görüşləri müntəzəm xarakter almışdır.

İnsan kapitalının inkişafında istifadə edilən infrastrukturun təkmilləşdirilməsi və elmin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri AMEA-da diqqət mərkəzində olmuşdur. 2017-ci ildə akademiyanın Fizika, Biofizika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarında Wi-Fi şəbəkə texnologiyasının infrastrukturu yenidən qurulmuş, akademiyanın elmi tədqiqatlarla məşğul olan bütün şöbə və laboratoriyaları, habelə Yüksək Texnologiyalar Parkı və onun nəzdində fəaliyyət göstərəcək Analitik Laboratoriyalar müasir tələblərə uyğun təmir edilmiş, institutların yeni kompüter və ofis texnikası, elmi cihazlar və avadanlıq, internet və rabitə ilə təmin olunması prosesi davam etdirilmişdir. 

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük teleskopu üçün yeni Spektroqrafın (FOCES-Fibre Optic Cassegrain Spectrograph) quraşdırılması başa çatdırılmışdır. Bu, gələcəkdə yeni unikal eksperimentlər aparmağa, beynəlxalq əlaqələri inkişaf etdirməyə və rəsədxanaya tədqiqat qrantlarının cəlb olunmasına imkan verəcəkdir. Azərbaycanın GPS şəbəkəsinin genişlənməsi məqsədilə rəsədxanada yeni, fasiləsiz fəaliyyət göstərən GPS stansiyası quraşdırılmışdır.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasında yüksəkparametrli kompüterlər və müasir server sistemi quraşdırılması, informasiya təminat sisteminin təkmilləşdirilməsi, hər bir elmi əməkdaşın sürətli internet xəttinə çıxışının təmin olunması elmi əməkdaşlığı və elmi mübadiləni sürətləndirməyə, hətta magistrlər üçün xarici alimlərin on line mühazirələrini təşkil etməyə şərait yaratmışdır.

Regionlarda doktorant və dissertantlara “İnformatika” fənni üzrə distant tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzinin Gəncə filialının texniki təminatı gücləndirilmişdir. Hazırda AMEA-da 8500-ə yaxın alim, tədqiqatçı, texniki və köməkçi heyət, o cümlədən 570-dən çox elmlər doktoru və 2000-ə yaxın fəlsəfə doktoru çalışmaqdadır. 2017-ci ildə fundamental və tətbiqi elm sahələrində AMEA-nın alimləri tərəfindən 139 elmi problem çərçivəsində 484 mövzu üzrə 1468 elmi tədqiqat işi aparılmış, 450 kitab, 8000-dən çox məqalə və tezis, o cümlədən xarici ölkələrdə 2600-ə yaxın məqalə və tezis (1000-ə yaxını impakt faktorlu jurnallarda) çap olunmuşdur. 

Ölkədə elmə göstərilən yüksək diqqət və qayğının, elmi tədqiqatların səviyyəsinin yüksəlməsinin, beynəlxalq elmi əlaqələrin intensivləşməsinin nəticəsi olaraq AMEA-nın dünyanın nüfuzlu elmi informasiya bazalarında göstəriciləri artmışdır. 2017-ci ildə beynəlxalq “Web of Science” bazasına AMEA alimlərinin 509 elmi əsəri (ölkə üzrə “Web of Science” bazasına qəbul edilmiş elmi əsərlərin 54 faizi) daxil edilib. Bu bazaya daxil olan elmi əsərlərin 25 faizi xarici ölkə alimləri ilə birgə nəşr olunmuşdur. “Scimago Institutions Ranking” bazasının araşdırmasına əsasən dünyada reytinqinə görə AMEA 5147 elmi təşkilat arasında 670-ci, “Ranking Web of Research Centers” bazasının araşdırmasına görə isə 7953 elmi təşkilat arasında 1872-ci yerdədir. 

AMEA-nın yüzlərlə alimi ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi prosesində müəllim, dərslik müəllifi və ekspert qismində iştirak edir. 2017-ci ildə Biologiya və Tibb Elmləri Bölməsinin mütəxəssisləri tərəfindən orta məktəb üçün biologiya fənni üzrə dərslik və vəsaitlərin çoxparametrli ekspertizası həyata keçirilmiş, 11 dərslik hazırlanmış və çapa təqdim olunmuşdur. Ədəbiyyat İnstitutunun əməkdaşları dərsliklərin ekspertizasında və yeni dərs vəsaitlərinin yazılmasında yaxından iştirak edirlər. Dilçilik İnstitutunun Terminologiya şöbəsində prof. Sayalı Sadıqovanın rəhbərliyi ilə “İnformatika” (1-10-cu siniflər üzrə) dərsliklərinin, ali məktəblər üçün nəzərdə tutulmuş “Pedaqogika terminləri”, “İzahlı coğrafiya terminləri”, “İzahlı İnformatika terminləri lüğəti”nin müzakirəsi təşkil edilmiş və onlara rəy verilmişdir. Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun rəhbərliyi ilə mövcud dərsliklərinin ekspertizası həyata keçirilmiş, 6-11-ci siniflər üçün coğrafiya fənni üzrə vəsait - “Atlas” və “Kontur xəritələr” hazırlanmışdır. 

AMEA Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun digər müəlliflərlə birgə hazırladığı “Biologiya” üzrə ümumi təhsil müəssisələrinin 6-cı və 7-ci sinifləri üçün vəsaitlər, “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, “Ali və orta ixtisas təhsili müəssisələrinə Biologiya üzrə qəbul imtahanı proqramları” Dövlət İmtahan Mərkəzi tərəfindən “Abiturient” jurnalında, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış “Diferensial operatorların spektral nəzəriyyəsinə giriş” dərsliyi Bakı Universiteti nəşriyyatında, “Vısşaə matematika (zadaçnik)” dərs vəsaiti Moskvada nəşr edilmişdir.

Elmlə təhsilin və istehsalın qarşılıqlı əlaqələri məsələləri AMEA ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə sessiyasında müzakirə edilmiş, əlaqələrin genişləndirilməsi üçün əlavə tədbirlər müəyyən edilmişdir. Elmi-tədqiqat prosesinin davamlılığının təmin olunması, ali təhsil müəssisələrinin ən hazırlıqlı məzunlarının AMEA magistraturasına və elmi yaradıcılığa cəlb edilməsi üçün universitetlərin “Sabah” qruplarında təhsil alan ən yaxşı tələbələrə AMEA-nın müvafiq institutlarında təcrübə keçmək, institutların laboratoriyalarından, buradakı elmi cihaz və avadanlıqdan istifadə etmək, AMEA alimlərinin kömək və məsləhətlərindən yararlanmaq imkanı yaradılmış, 2017-ci ildə ölkə universitetlərinin “SABAH” qruplarında təhsil alan 210 tələbəsi AMEA-nın elmi müəssisələrində təcrübə keçmişdir. Ölkənin təhsil müəssisələrini birləşdirən “AzEduNet.az” şəbəkəsi AMEA ilə Təhsil Nazirliyi arasındakı razılaşmaya əsasən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının üzvü olan AzScienceNet şəbəkəsinə qoşulmuş, AMEA Data Mərkəzinin xidmətlərindən istifadə imkanı qazanmışdır. 

Elm və təhsilin inteqrasiyasının mühüm istiqamətlərindən biri də AMEA institutlarında müxtəlif universitetlərin kafedralarının fəaliyyət göstərməsi, akademiya alimlərinin universitetlərdə təhsil prosesində iştirakıdır. AMEA institutları ilə universitetlərin arasında bağlanan əməkdaşlıq müqavilələri həm də tələbələrin elmi tədqiqatlara cəlb edilməsi baxımından əhəmiyyətlidir. Fizika İnstitutu ilə razılaşmaya əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Milli Aviasiya Akademiyasının və Azərbaycan Texniki Universitetinin 44 magistrantı institutda elmi-praktiki təcrübə keçərək laboratoriyalarda birgə elmi-tədqiqat işi aparmışlar. Mikrobiologiya İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasındakı müqaviləyə əsasən Lənkəran-Astara şelfinin müasir hidrobioloji və ekoloji vəziyyətinin birgə öyrənilməsi, kompleks mikrobioloji tədqiqatların aparılması və bu sahədə mütəxəssislərin hazırlanması həyata keçirilir. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə BDU arasındakı müqavilədə rəsədxanada BDU-nun Astrofizika kafedrasının filialının yaradılması və tələbə və magistrlərin rəsədxananın müasir müşahidə avadanlıqlarından istifadə etməklə praktiki biliklərə yiyələnmələri nəzərdə tutulur. 

(davamı növbəti saylarımızda)

Akif Əlizadə, AMEA-nın prezidenti, akademik

"Respublika" qəzeti, 23 sentyabr 2018-ci il

  • Paylaş: