www.science.az
29.09.2018 15:04

Prezident İlham Əliyev tanınmış alimin vəfatı ilə bağlı nekroloq imzalayıb

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış fizik, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də ömrünün 83-cü ilində vəfat edib. 

Firudin Haşımzadə 1935-ci il dekabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olaraq təhsilini SSRİ Elmlər Akademiyasının A.F.İoffe adına Leninqrad Fizika-Texnika İnstitutunda davam etdirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi başlayan Firudin Haşımzadə burada 1963–1968-ci illərdə böyük elmi işçi, 1968–1987-ci illərdə “Yarımkeçiricilər” laboratoriyasının müdiri, 1987–1993-cü illərdə “Güclü anizotrop kristallar fizikası” şöbəsinin rəhbəri olmuşdur. O, 1993–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun direktor müavini, 1994–2000-ci illərdə direktoru işləmiş, 2001-ci ildən ömrünün sonunadək baş elmi işçi vəzifəsində çalışmışdır.

Firudin Haşımzadə 1962-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1974-cü ildə professor elmi adını almışdır. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Firudin Haşımzadə səmərəli elmi fəaliyyəti ilə respublikamızda yarımkeçiricilər nəzəriyyəsi sahəsində elmi məktəbin bünövrəsini qoyanlardan biri kimi müasir fizika elminin inkişafına böyük töhfələr vermişdir. Firudin Haşımzadənin bərk cisim nəzəriyyəsi sahəsində araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Alim Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin nəzəriyyəsini yaratmış, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirmiş, mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir.

Akademik Firudin Haşımzadənin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 150-dən çox elmi əsərdə və bir monoqrafiyada öz əksini tapmışdır. Alimin rəhbərliyi altında fizika sahəsində 11 elmlər doktoru, 22 fəlsəfə doktoru hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq elmi simpozium və konfranslarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Firudin Haşımzadənin pedaqoji fəaliyyəti də təqdirəlayiq olmuşdur. Onun 30 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində nəzəri fizika və bərk cisim nəzəriyyəsi elmi istiqamətləri üzrə oxuduğu mühazirələr təhsil ictimaiyyətinin rəğbətini qazanmışdır.

Akademik Firudin Haşımzadənin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə “Antiferromaqnitlərin optik spektroskopiyası”na dair işlər silsiləsinə görə Elm və Texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Fərəh Əliyeva

Akif Əlizadə

Ceyhun Bayramov

İbrahim Quliyev

Rasim Əliquliyev

Nazim Məmmədov

Arif Paşayev

Bahadur Tağıyev

Cavad Abdinov

Çingiz Qacar

Ənvər Nəhmədov

Təyyar Cəfərov

Abel Məhərrəmov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.