www.science.az
09.10.2018 16:01

Təbiətşünaslığın tarixinə dair hazırlanmış oçerklərin təqdimatı olub

Oktyabrın 9-da AMEA Mərkəzi Elmi Kitabxanasında Elm Tarixi İnstitutu tərəfindən hazırlanan təbiətşünaslığın tarixinə dair oçerklərin təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Elm Tarixi İnstitutunun fəaliyyətə başladığı qısa dövr ərzində ərsəyə gətirdiyi oçerkləri elmin  inkişafına yönələn töhfə kimi dəyərləndirib. O, ictimaiyyətə təqdim olunan nəşrlərin Azərbaycanda təbiətşünaslığın tarixinə dair ilk mühüm tədqiqat olduğunu vurğulayıb.

Daha sonra Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli çıxış edərək oçerklər haqqında geniş məlumat verib. Bildirib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Təbiətşünaslığın tarixinə dair oçerklərin hazırlanması” haqqında 2016-cı il 30 dekabr tarixli sərəncamına əsasən hazırlanan oçerklərin hər biri dörd fəsildən ibarətdir. Nəşrlər arxiv materialları, müvafiq institutların alimlərinin təklif və rəyləri əsasında ərsəyə gəlib.

Qeyd olunub ki, oçerklərdə təbiətşünaslıq elmlərinin təşəkkülünün tarixi mərhələləri, Azərbaycanda bu sahənin müstəqil elm sahəsi kimi formalaşması tarixi, Azərbaycan SSR-də təbiət elmlərinin inkişaf istiqamətləri, eyni zamanda, müstəqillik illərində AMEA-nın elmi-tədqiqat institutları və respublikanın digər ali təhsil müəssisələrində bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatlar və əldə olunmuş mühüm nailiyyətlər əksini tapıb.

Təqdimat mərasimində çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz AxundovaBotanika İnstitutunun direktoru, akademik Validə ƏlizadəRiyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və başqaları təqdim edilən oçerklərin əhəmiyyətindən söhbət açıb, nəşrlərin gələcək nəsillər üçün böyük ərməğan olduğunu söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.