Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.10.2018 09:30
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın əziz xatirəsi ürəklərdə yaşayır

Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın əziz xatirəsi ürəklərdə yaşayır

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim və ictimai xadim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 79-cu ildönümünə həsr edilmiş “Nəsillərə örnək olan ömür” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Təhsil Kompleksinin Tarix muzeyində 1957-ci ildə bu məktəbi qızıl medalla bitirmiş Aida xanım İmanquliyevaya həsr edilən fotoguşə ilə tanış olublar.

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, professor Aida İmanquliyevanın mənalı və şərəfli ömür yolundan danışıb, alimin zəngin elmi yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb. O, ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə Aida İmanquliyevanın Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini vurğulayıb. Bildirib ki, şərqşünas alim üç monoqrafiya (“Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”) və çoxlu sayda elmi məqalələrin müəllifi olub.

S.Xanlarova Aida xanımın həm də xeyirxah, nəcib insan, qayğıkeş ana olduğunu deyərək, onun cəmiyyətimizə yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş etdiyini bildirib. Vurğulayıb ki, böyük alim Aida xanım İmanquliyevanın əziz xatirəsi ürəklərdə yaşayır.

Sonra çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, Azərbaycanda ərəbşünaslıq sahəsində elmi məktəb yaradan professor Aida xanım İmanquliyeva böyük alim, bacarıqlı pedaqoq, tərcüməçi, həm də görkəmli şəxsiyyət idi. Onun şərqşünaslıq elmi sahəsindəki tədqiqatları bu gün də olduqca aktual və əhəmiyyətlidir.

Böyük alimin tələbəsi, AMEA Alimlər Evinin direktoru, t.ü.f.d., dosent Nuridə Quliyeva professor Aida xanım ilə bağlı xatirələrini bölüşüb, onun əsl pedaqoq, mehriban insan olduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Aida xanım İmanquliyevanın elm və təhsilimizə verdiyi əvəzsiz töhfələrdən bəhs edib.

Sonra böyük alimin həyat və fəaliyyətindən bəhs edən film göstərilib. Məktəblilər Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

AzərTAC

  • Paylaş: