Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.10.2018 09:34
  • A-
  • A
  • A+

“Şabran şəhəri” Tarixi Qoruğu ərazisində qədim tikililər aşkar edilib

“Şabran şəhəri” Tarixi Qoruğu ərazisində qədim tikililər aşkar edilib

Sentyabr və oktyabr ayının əvvəllərində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərliyi altında Şabran arxeoloji ekspedisiyası Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhəddinədək yeni çəkilən avtomobil yolunun “Şabran şəhəri” Tarixi Qoruğu ərazisinə düşən hissəsində arxeoloji qazıntı işləri aparılıb.

Ekspedisiyanın əsas məqsədi göstərilən ərazidə əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirməkdir.

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinədək çəkilməkdə olan yolunun “Şabran şəhəri” Tarixi Qoruğu ərazisinə düşən hissəsindəki ərazi boyu arxeoloji qazıntı işləri aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkar olunub. Eyni zamanda, kvadratlardan birində bir neçə təndir aşkar olunduğu üçün buranın təndirxana olduğu ehtimal edilir. Ərazidən kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı da üzə çıxarılıb. Qazıntı ərazisindən, həmçinin su borusu yerləri, çoxlu sayda qırmızı, yaşıl və göy rəngli şirli qablar, metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. aşkar edilib.

Tədqiq olunan sahələrdə mədəni təbəqənin daha qalın olduğu və davam etdiyi məlum olub. Kvadratlardan birində arxeoloji qazıntı 4 metr dərinliyə qədər aparılıb. 

Aşkar olunmuş tikinti qalıqları və maddi mədəniyyət nümunələri ilkin tədqiqatlara əsasən XI-XV əsrlərə aid edilib.

Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: