www.science.az
20.05.2014 00:00

Görkəmli alim Nəriman Quliyev son mənzilə yola salındı

Bu gün AMEA-nın Əsas binasında nüvə fizikası sahəsində görkəmli alim, “İstiqlal” və “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müşaviri, akademik Nəriman Quliyevlə vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərhumun cənazəsi önünə hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Vida mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev, akademik Maqsud Əliyev, AMEA-nın müxbir üzvü Adil Qəribov çıxış edərək alimin Azərbaycanın fizika elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açdılar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdilər.

Mərhumun ailəsi adından çıxış edən nəvəsi Zaur Quliyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirdi.

Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.