www.science.az
09.11.2018 11:02

AMEA ilə Dövlət Gömrük Komitəsi arasında anlaşma memorandumu imzalanıb

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumunun imzalanma mərasimi olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə DGK ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, birgə fəaliyyətin idxal-ixrac əməliyyatlarında, əməliyyat-axtarış tədbirlərində elmi araşdırmalardan istifadədə, informasiya texnologiyalarının tətbiqində, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılmasında, müştərək layihə və tədbirlərin həyata keçirilməsində zəruriliyini vurğulayıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edib. Komitə sədri DGK-nın tədris mərkəzlərinin fəaliyyətindən,  gömrük işi sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlardan, dövlətin bu sahəyə diqqət və qayğısından, eləcə də AMEA-nın institutları ilə gələcək əməkdaşlıq perspektivlərindən  söz açıb. Gömrük orqanlarında müvafiq xidmət sferalarının keyfiyyətinin yüksəldilməsi istiqamətində elmi əməkdaşlığın vacibliyini qeyd edən S.Mehdiyev AMEA ilə DGK arasında işgüzar əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent, gömrük xidməti polkovniki Qulu Novruzov “Gömrük xidməti: ictimai şəffaflıq, açıq tədqiqat resursları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qlobal dəyişikliklərin gömrük xidmətinə təsirindən, gömrük xidmətinin milli maraq komponentlərindən, innovasiya layihələrindən, ölkəmizdə gömrük siyasətindən, sərhəd zonalarında tətbiq olunan infrastruktur yeniliklərindən, komitənin yerli və xarici təşkilatlarla əlaqələrindən danışıb. Natiq elm və təhsil sahəsində AMEA ilə DGK-nın Akademiyası arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Sonra AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa Həbibbəyli, İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək memorandumun müştərək fəaliyyət istiqamətində atılmış uğurlu addım olduğunu, əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyini bildiriblər.

Daha sonra AMEA ilə DGK arasında anlaşma memorandumu imzalanıb. Sənəddə gömrük işi ilə əlaqədar elmi tədqiqatlar aparan, habelə müvafiq ixtisaslar üzrə təhsil alan magistrant, doktorant və dissertantlara şərait yaradılması, elmi araşdırmalar zamanı gömrük işi ilə əlaqədar müvafiq məlumatların daha asan və sürətli əldə olunmasına lazımi şərait yaratmaq məqsədilə informasiya texnologiyalarının tətbiqi imkanlarından geniş istifadə edilməsi və s. məsələlər yer alır.  

Sənədi akademik Akif Əlizadə və gömrük xidməti general-leytenantı Səfər Mehdiyev imzalayıblar.

Sonda tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.