Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Gəncə Bölməsinin Rəyasət Heyətinin iclasında Azərbaycan dilinin saflığının qorunması məsələsi müzakirə olunub
12.11.2018 09:40
  • A-
  • A
  • A+

Gəncə Bölməsinin Rəyasət Heyətinin iclasında Azərbaycan dilinin saflığının qorunması məsələsi müzakirə olunub

AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik Fuad Əliyev açaraq Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanının önəmindən danışıb. Gəncənin elmin, təhsilin inkişaf etdiyi ən qədim bölgələrdən biri olduğunu deyən alim Azərbaycan dilinin öyrənilməsində və tədqiq olunmasında bölmə əməkdaşlarının üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.

Sonra bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi Xəlil Yusifli çıxış edərək qloballaşma şəraitində və inteqrasiya prosesində dilimizdə lüzumsuz sözlərin yarandığını deyib. Bunu arzuolunmaz hal kimi qiymətləndirən X.Yusifli dilimizin keşiyində durmağı hər bir azərbaycanlının vətəndaşlıq borcu adlandırıb.

Tədbirdə, həmçinin bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, həmin müəssisənin elmi katibi Mətanət Əliyeva, Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva və digərləri çıxış edərək KİV-də, İnternet resurslarında, müxtəlif reklam daşıyıcılarında, habelə məişətdə dilin saflığının qorunmasının önəminə toxunub, dilin nəzəri əsaslarının hazırlanmasının zəruriliyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: