Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.11.2018 17:26
  • A-
  • A
  • A+

AMEA-da Abşeron yarımadasının müasir geodinamik şəraitindən bəhs edən məruzə dinlənilib

AMEA-da Abşeron yarımadasının müasir geodinamik şəraitindən bəhs edən məruzə dinlənilib

Bugün AMEA Rəyasət Heyətinin iclasında dinlənilən elmi məruzə “Abşeron yarımadasının müasir geodinamik şəraiti: təhlükəli geoloji proseslərin modelləşdirilməsi və monitorinqi” mövzusuna həsr olunub. Məruzə  AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamovun həmmüəllifliyi ilə hazırlanıb.

Məruzədə AMEA-nın Geologiya və Geofizika İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Abşeron yarımadasında müasir geodinamik və seysmik şəraitin monitorinqi, geoloji dərinlik quruluşlu modellərin tərtibi və təhlükəli geoloji proseslərin müasir metodlarla öyrənilməsi və proqnozlaşdırılması istiqamətində son illər aparılan fundamental elmi tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verilib. Bu nəticələrin bir çox təhlükəli geoloji proseslərin məkan paylanmasının və dinamik rejiminin öyrənilməsində xüsusi praktik əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Bakı şəhəri üçün təhlükə yaradan Bayıl-Badamdar zonasında əldə edilən məlumat bazasının sürüşmə yamaclarında qruntun xassələrinin dəyişməsi və hərəkət dinamikasının izlənilməsində istifadəsi sürüşməyə qarşı strateji tədbirlərin hazırlanması işlərinin nəzəri əsasını təşkil edir.

Məruzədə o da qeyd olunub ki, 2000-2018-ci illərdə Bayıl-Badamdar zonasında baş verən sürüşmə hadisələrinin dinamikası, sürüşmə dərinlikləri elektrotomoqrafiya, seysmik kəşfiyyat və kosmo-geodeziya üsullarının tətbiqi ilə həyata keçirilib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Rasim Əliquliyev, Ramiz Məmmədov, Vaqif Fərzəliyev və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

İclasda Rəyasət Heyətinin qərarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə geodinamik şərait nəzərə alınaraq Bayıl-Badamdar zonasının sürüşmə doğuran dərinliklərini əhatə edən geoloji kompleksin 3D geoloji-geofiziki modelinin yaradılması üçün elmi tədqiqat işləri proqramının layihəsinin hazırlanması məqsədəuyğun hesab edilib. Bundan başqa, AMEA, Milli Aviasiya Akademiyası və “Azərkosmos” ASC ilə  birgə dünya təcrübəsinə əsaslanaraq yer səthində olan sürüşmə və digər təhlükəli proseslərin monitorinqinin aparılmasına dair təkliflərin müzakirə edilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: