Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Azərbaycanlı astrofizikin 60 yaşı tamam olur
02.06.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı astrofizikin 60 yaşı tamam olur

Görkəmli alim, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyazaiyyat elmləri doktoru, professor Əyyub Quliyevin60 yaşı tamam olur.

Əyyub Quliyev 1954-cü ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini, 1980-cı ildə Kiyev Dövlət Universitetinin aspiranturasını bitirib. 1982-ci və 1993-cü illərdə Ukrayna EA Baş Rəsədxanasında namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.

1997-ci ildən Şamaxı Astrofizika Rəsədxanasına rəhbərlik edir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Günəş sistemi cisimləri üzrə mütəxəssisdir, 152 elmi (88-i xaricdə) və 100-ədək elmi-kütləvi məqalənin, 3 monoqrafiyanın müəllifidir . 2001-ci ildən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavinidir.

Astronomiyanın inkişafındakı xidmətlərini nəzərə alaraq 2007-ci ildə Beynəlxalq Astronomiya İttifaqı ABŞ-ın Harvard Rəsədxanasında kəşf olunmuş kiçik bir planetə (18749 saylı, ayyubguliev) alimin adını vermişdir. Eləcə də Ə.Quliyevin təşəbbüsü ilə daha üç kiçik planetə Nizami, Tusi və Cavid adı verilib.

Ə.Quliyev Azərbaycan Ensiklopediyasının, həmçinin bir sıra beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür. 2006-cı ildən öz təşəbbüsü ilə yaradılmış Azərbaycan Astronomiya Jurnalının baş redaktorudur. 2011-ci ildə Beynəlxalq Sokrat mükafatına layiq görülüb.

Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru dissertasiyası yerinə yetirilib. 2012-ci ildə professor rütbəsinə layiq görülüb.

1998-ci ildə alimin rəhbərliyi altında rəsədxananın 2m teleskopu işə salınmış, sonralar həmin teleskopun idarəetmə sistemi modernləşdirilmiş, rəsədxanada alüminiumlaşdırıcı qurğu işə salınmış, bütövlükdə onun maddi-texniki bazası əsaslı surətdə möhkəmləndirilib.

Azərbaycanın görkəmli alimini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: