Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.11.2018 16:41
  • A-
  • A
  • A+

AMEA-da “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabının təqdimatı keçirilib

AMEA-da “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabının təqdimatı keçirilib

Noyabrın 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Livanda ərəb dilində işıq üzü görən “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabda münaqişənin yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələrin əksini tapdığını söyləyib. Bildirib ki, tədqiqatda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, həmçinin ermənilərin XIX əsrin əvvəllərində bu ərazilərə köçürülməsi əksini tapıb.

Akademik qeyd edib ki, nəşrdə XIX əsrdən etibarən Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının çar imperiyasının məqsədyönlü siyasətinin nəticəsi olduğu oxucuya çatdırılıb. İ.Həbibbəyli kitabda eyni zamanda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətindən bəhs olunduğunu da deyib.

O, əsərin ərəb dilində nəşrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, erməni yalanlarına qarşı mübarizədə əsaslı rol oynayacağını vurğulayıb.

AMEA-nın vitse-prezidenti kitabın çapında və ölkəmizə gətirilməsində Azərbaycanın Livan və Əlcəzairdəki səfirliklərinin müstəsna xidmətləri olduğunu bildirib.

Sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək kitabın ərsəyə gəlməsi prosesindən danışıb. Bildirib ki, vəsait Fəlsəfə İnstitutunun uzun illərdir əməkdaşlıq etdiyi Əlcəzair Milli Araşdırmalar Mərkəzinin professoru Zəim Xənişlavi tərəfindən fransız dilindən tərcümə olunub və Livanda “Delta” Dərin Araşdırmalar Mərkəzində işıq üzü görüb. İ.Məmmədzadə kitabın buna qədər rus, türk, alman, fransız və Ukrayna dillərinə tərcümə edildiyini diqqətə çatdırıb.

Bildirib ki, müəllif əsərdə problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirib.

Daha sonra professor Z.Xənişlaviyə Fəlsəfə İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu, Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, həmin müəssisənin aparıcı elmi işçisi Sənan Həsənov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İzzət Rüstəmov və digərləri çıxış edərək nəşrin tərcüməsinin önəminə toxunub, kitabın oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan verdiyini qeyd ediblər.

Sonda Z.Xənişlavi çıxış edərək Azərbaycanın müsəlman aləmində özünəməxsus yeri olduğunu bildirib və nəşrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ərəb dünyasında yayılmasında xüsusi rol oynayacağını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: