Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akif Əlizadə: “Arzu edirik ki, yaponiyalı həmkarlarımızla əməkdaşlığımız ölkələrimiz arasında “elm körpüsü” olsun”
07.11.2013 00:00
  • A-
  • A
  • A+

Akif Əlizadə: “Arzu edirik ki, yaponiyalı həmkarlarımızla əməkdaşlığımız ölkələrimiz arasında “elm körpüsü” olsun”

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, AMEARespublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli, Elmi-təşkilat İdarəsinin rəisi Əminağa Sadıqov, Beynəlxalq əlaqələr İdarəsinin rəisi Qulam Babayev iştirak edirdilər.

Kazuei Uçida rəhbərlik etdiyi qurumun 22 şirkəti özündə birləşdirən “Tokyo Boeki Group” beynəlxalq Holdinqə mənsub olub, elmi-analitik cihaz, avadanlıq, qurğuların istehsalı və təchizat məsələləri ilə məşğul olduğunu bildirdi. Hələ SSRİ-nin tərkibində olarkən ölkəmizlə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu nəzərə çatdıran qonaq, o zaman fəaliyyət göstərən Bakı kondisioner, soyuducu və digər zavodların texniki təchizatının şirkət tərəfindən həyata keçirildiyini qeyd etdi.

Görüşün məqsədinin elm, təhsil və texnologiyaların transferi sahəsində əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıdığını vurğulayan qonaq Azərbaycanın elm məbədgahı ilə əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrinin də möhkəmləndirilməsinə səbəb olacağını söylədi: “Biz dünyanın bir çox nüfuzlu elmi təşkilatları ilə əməkdaşlıq edirik. AR Prezidenti yanında Elmin İnkişafı Fondu ilə də cari ilin may ayında qarşılıqlı anlaşma haqqında Memorandum imzalamışıq. Bundan əlavə Bakı Dövlət Universiteti ilə də əməkdaşlıq əlaqələrimiz mövcuddur.

Məqsədimiz AMEA ilə əməkdaşlıq çərçivəsində təkcə avadanlıqla təmin etmək deyil, eyni zamanda mürəkkəb elmi-analitik cihazların seçimi, tətbiqi və istifadəsi üzrə mütəxəssislər yetişdirməkdir. Biz müxtəlif ölkələrdə elmi iclasların, konfransların, simpoziumların, görüşlərin, elm festivallarının və sərgilərin təşkili ilə əlaqədar layihələr həyata keçiririk. Sizdə də yüksək texnologiyalarla bağlı fərqli tədbirlər, treninq və seminarlar keçirmək niyyətindəyik. Sözügedən tədbirlərin reallaşdırılmasında iştirak edərək təcrübəmizlə bölüşmək arzusundayıq”.

Şirkətin yaranma tarixi haqqında geniş məlumat verən qonaq bildirdi ki, 1947-ci ildə “Тokyo Boeki Shokai” adı altında yaranan “Tokyo Boeki Group” yüksək keyfiyyətli sənaye (energetika, maşınqayırma, metal istehsalı) və mürəkkəb elmi-analitik cihazlar istehsalı və satışı ilə tanınır. Şirkət JEOL, Nikon, Rigaku, Ulvac, Katsuragawa Electric, Yamato Scientific kimi tanınmış brend məhsullardan istifadə edir.

Qeyd edək ki, hazırda şirkətin ultra-modern elektron mikroskopları AMEA-nın institut və təşkilatlarında, o cümlədən Azərbaycan Tibb Universitetində uğurla tətbiq edilir. Avadanlıqlardan istifadə qaydası da yaponiyalı mütəxəssislər tərəfindən həyata keçirilmişdir.

AMEA prezidenti, akademik Akif Əlizadə Tokio Boeki Texnologiyalar Şirkətinin təklifini dəyərləndirərək Azərbaycanla Yaponiya arasında mədəni, elmi, ticarət əlaqələrinin, eləcə də dostluq münasibətinin hələ orta əsrlərdə mövcud olduğunu vurğuladı. AMEA Rəyasət Heyətində, eləcə də akademiyanın bütün institut və təşkilatlarında Azərbaycan elminin modernləşdirilməsi istiqamətində struktur dəyişikliklərinin, həmçinin innovativ layihələrin həyata keçirildiyini qeyd etdi: “Mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrimizin kökü uzaq keçmişə təsadüf edir. SSRİ dövründən fərqli olaraq, indi Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün sferalarda, o cümlədən elm sahəsində dünya ölkələri ilə tərəfdaşlıq etmək imkanına malikdir. Arzu edirik ki, sizin şirkətlə gələcək əməkdaşlıq əlaqələrimiz ölkələrimiz arasında “elm körpüsü” olsun. Azərbaycan qeyri-neft sektorunun, İKT-nin inkişafı üzrə regionda liderdir. Ölkəmizdə yeni texnoparklar yaradılır. Bizim dünya təcrübəsindən bəhrələnmiş alimlərimiz ölkəmizdə gedən innovativ texnoloji proseslərə hər zaman elmi dəstək verir. Bu və digər məsələlərdə sizinlə əməkdaşlıq etməyə hazırıq”.

Görüşdə, həmçinin tərəflər arasında əməkdaşlıq əlaqələrinin bərqərar olması istiqamətində müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: