Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb
05.12.2018 14:29
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb. Nəşr tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayan “Şifahi xalq ədəbiyyatı”na həsr edilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” sərlövhəli təqdimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan bədii təfəkkür baxımından eposaqədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır.

Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini sistemli şəkildə canlandıran “Azərbaycan folkloru” oçerkindən başlayaraq, onun ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla verilib.

Folklora yeni yanaşma tərzi sərgiləyən, milli-tarixi kimlik amilini, mənəvi-mədəni sərvətimizin mahiyyətini önə çəkən kitabda mifologiya, arxaik folklor janrları, mərasim folkloru, əmək nəğmələri, qədim türk eposu, oğuznamələr, “Kitabi-Dədə Qorqud”, dastanlar, bayatılar, aşıq sənəti, “Koroğlu” eposu, lətifələr, nağıllar, atalar sözü və məsəllər, rəvayətlər, uşaq folkloru, meydan tamaşaları və s. ilə bağlı araşdırmalar təqdim olunub. Ustad aşıqlara ayrıca oçerklər həsr edilib. Nəşrdə, həmçinin Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşr edilməsi məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri tədqiqata cəlb olunub.

Folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi folklorumuzun öyrənilməsi üçün böyük əhəmiyyətə malik olan mühüm elmi mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: