Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.12.2018 16:57
  • A-
  • A
  • A+

AMEA-da “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib

AMEA-da “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib

Dekabrın 5-də AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı, Mərkəzi Elmi Kitabxananın (MEK) dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev dərsləri” adlı tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandığını, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verdiyini deyib. O, ümummilli liderin respublikanın ictimai-siyasi həyatında fəal mövqe tutan qadınlarımıza yüksək qiymət verdiyini bildirib. Bu gün ölkəmizdə elm və təhsil sahəsində çalışanların böyük əksəriyyətinin qadınlar olduğunu deyən İ.Həbibbəyli dahi lider Heydər Əliyev ideyalarının gənc nəslə çatdırılmasında onların xüsusi rolunun olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti şuranın üzvlərinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Sonra çıxış edən AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə ümumilli lider Heydər Əliyevin ölkəmizin inkişafı naminə misilsiz işlər gördüyünü, hər zaman qadınlarla bağlı məsələlərə böyük diqqət yetirdiyini, qadın hərəkatına, eləcə də qadınların maariflənməsinə önəm verdiyini vurğulayıb. R.Mirzəzadə, həmçinin şuranın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər və gələcək fəaliyyət planı barədə məlumat verib.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova isə çıxışında ulu öndərin zəngin həyat yolu və dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıb. O, Heydər Əliyevin kitabxana işinin təşkili sahəsində xidmətlərindən də söz açaraq, “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” layihəsi çərçivəsində ümummilli liderlə bağlı yaddaşı əks etdirən və kitabxana fondlarında mühafizə edilən bütün sənədlərin MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini bildirib. L.İmanova, həmçinin “Heydər Əliyev - 95” mövzusunda sərginin təşkil edildiyini, sosial şəbəkələrdə silsilə materialların yayımlandığını, eləcə də MEK-in “Vikipediya” Təlim Mərkəzinin könüllüləri tərəfindən çoxsaylı məqalələrin hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbir Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru İradə Hüseynova, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq üzrə elmlər doktoru Mirağa Cəfərquliyev, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və başqalarının çıxışlarının dinlənilməsi ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: