Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yer Elmləri Bölməsinin büro iclası keçirilib
11.12.2018 09:14
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin büro iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib. Bildirib ki, bu ilin sentyabrında SOCAR Britaniyanın BP şirkəti ilə Azəri-Çıraq-Günəşli yatağının istismarı ilə bağlı yeni müqavilə imzalayıb. Natiq vurğulayıb ki, müqavilə çərçivəsində Cənubi Xəzər hövzəsində yeni elimi tədqiqatların aparılması hazırda aktualdır. Bu nöqteyi nəzərdən bölmənin 2017-ci il üzrə elmi-təşkilati fəaliyyətinə dair hesabatın Rəyasət Heyəti tərəfindən qəbul edilmiş qərar layihəsində "Cənubi Xəzər hövzəsi litosferinin formalaşmasının geodinamik şərtləri və çöküntü qatında perspektivli neft-qaz strukturlarının yaranmasının geoloji-geofiziki əsaslandırılması" mövzusunda elmi-tədqiqat işinin planının hazırlanması tövsiyə edilib.

Daha sonra mövzu və elmi-tədqiqat planı ətrafında akademik Pərviz Məmmədovun məruzəsi dinlənilib. Alim bu sahədə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Müzakirədən sonra işlərin davam etdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Tədbirdə kadr məsələlərinə baxılıb. Bölmənin qərarları ilə geologiya və minerologiya üzrə fəlsəfə doktoru Ramiz Məmmədov AMEA Geologiya və Geofizika İnstitutunun Hidrogeologiya və mühəndisi geologiya şöbəsinin, yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidov isə Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin aparıcı elmi işçi vəzifələrinə təsdiq olunublar.

Gündəlikdə yer alan növbəti məsələ "Landşaftşünaslıq terminlərinin qısa izahlı lüğəti" ilə bağlı olub. Bildirilib ki, lüğət AMEA Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq şöbəsinin rəhbəri, geologiya və minerologiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli tərəfindən tərtib edilib. Kitabın redaktoru isə AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, geologiya və minerologiya üzrə elmlər doktoru Novruz Novruzovdur. Müzakirədən sonra bölmə rəy almaq üçün lüğətin Terminologiya Komissiyasına təqdim edilməsini qərara alıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: