Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Arif Quliyevin 85 yaşı tamam olur
14.12.2018 13:31
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Arif Quliyevin 85 yaşı tamam olur

Dekabrın 15-də tanınmış neftçi-alim, Neft və Qaz İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Arif Quliyevin 85 yaşı tamam olur.

Arif Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Sənaye İnstitu­tunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirdikdən sonra o, təyinat üzrə Azərbaycan Elmlər Akademiyasında elmi fəaliyyətə başlayıb. A.Quliyev böyük laborant, kiçik və boyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. Hazırda alim AMEA-nın Neft və Qaz İnstitutunda Neft-qaz sahələrinin iqtisadiyyatı və proqnozlaşdırılması şöbəsinin rəhbəridir.

A.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alimin elmi fəaliyyəti çoxşaxəli olub, neft-qaz elminin bir sıra mühüm sahələrini əhatə edir. O, neft və qaz yataqlarının işlənməsi, yeraltı hidrodinamika, lay və quyuların tədqiqatı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi, neft-qaz kompleksinin inkişafının proqnozlaşdırılması və optimal idarə olunması, layların neft veriminin yüksəldilməsi və hasilatın intensivləşdirilməsi kimi mühüm elm sahələrinin fundamental və tətbiqi problemlərinin işlənilməsində əhəmiyyətli xidməti olan və aldığı nəticələrlə tanınan neftçi-alimdir.

AMEA-da iş fəaliyyətinə başladığı ilk gündən o, Qaradağ qazkondensatneft yatağının işlənilmə layihəsinin tərtibi, quyuların tədqiqi və işlənilmənin hidroqazodinamiki hesablama üsullarının hazırlanması ilə məşğul olub. Daha sonra Rusiya və Türkmənistanın neft-qaz sənayesi ilə əlaqəli elmi-tətbiqi fəaliyyətini Cənub, Bahar, Bulla-Dəniz, Palçıq Pilpiləsi, Sotçemyu-Talyu, Qotur-təpə və s. yataqlarda lay parametrlərinin təyini, yataqların ehtiyatlarının hesablanması və işlənilmə layihələrinin tərtibi işlərində davam etdirib.

A.Quliyev Almaniya, Türkiyə, İran, Rusiya və başqa ölkələrdə elmi konfrans və simpoziumlarda fəal iştirak edib, ABŞ-da YUNOKAL şirkəti ilə birgə layihəyə əsasən bu təşkilatın əməkdaşları ilə birlikdə elmi-tədqiqat işləri aparıb. O, hazırda neft-qazçıxarmanın fundamental və tətbiqi problemlərinin öncül istiqamətləri üzrə tədqiqatlarını davam etdirir.

Alimin rəhbərliyi ilə 4 elmlər doktoru və 14 elmlər namizədi hazırlanıb. O, 244 elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın, rusca-ingiliscə-azərbaycanca izahlı lüğətin, istehsalatda tətbiq olunan 6 təlimat və metodik vəsaitin, 12 ixtira və patentin müəllifidir.

A.Quliyev keçmiş SSRİ EA “Neft və qaz yataqlarının işlənilməsi” üzrə Problem Şurasının üzvü və AMEA “Neftçıxarma” problemləri üzrə Elmi Şuranın sədr müavini, AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini, Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında Yer elmləri üzrə Ekspert Şurasının sədri olub. Amerika Neftçi-Mühəndislər Cəmiyyətinin və Azərbaycan Geofiziklərinin Milli Komitəsinin üzvüdür.

O, elmi və pedaqoji sahədəki faəliyyətinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin “Şərəfli əməyə görə” medalına, akademik M.İ.Qubkin adına mükafatına, həmçinin müxtəlif qurumların fəxri fərmanlarına layiq görülüb.

XX yüzilliyin son illərində Arif Quliyevin "Quruçay" xeyriyyə cəmiyyətinin və “Qarabağ Uğrunda Ümumazərbaycan Hərəkatı”nın sədri kimi ictimai fəaliyyəti də xüsusi qeyd edilməlidir.

Tanınmış neftçi-alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: