Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ölkəmizdə fəaliyyət göstərən veb-saytların statistik-analitik mexanizmləri işlənilməlidir
14.12.2018 21:53
  • A-
  • A
  • A+

Ölkəmizdə fəaliyyət göstərən veb-saytların statistik-analitik mexanizmləri işlənilməlidir

Bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransında çıxışı zamanı səsləndirib.

Tədbirdə AMEA-nın akademik-katibi ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirən veb-saytların statistik-analitik mexanizmlərinin işlənilməsinin zəruriliyindən danışıb. Bildirib ki, hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların xarici operatorlar tərəfindən toplanması və analiz olunması, bu istiqamətdə elmi araşdırmaların aparılmasını, milli və beynəlxalq tələblərə cavab verən statistik mexanizmlərin işlənilməsinin əhəmiyyətini zəruri edir.

Alim Azərbaycanda pilotsuz uçuş aparatlarından – dronlardan istifadə sahəsində ciddi problemlərin olduğunu nəzərə çatdırıb: “Qanunvericilik bazası olmadığından dronların ölkəyə gətirilməsi və bu aparatlardan istifadə ilə bağlı qadağalar mövcuddur, dronları sertifikatlaşdıran hüquqi sənəd yoxdur”.

Akademik R.Əliquliyev qeyd edib ki, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla beynəlxalq öhdəliklərdən irəli gələn qanunlar qəbul edilməli, normativ-hüquqi sənədlərin praktikada geniş tətbiqi üçün kompleks tədbirlər görülməlidir. AMEA da öz növbəsində qanun layihələrinin hazırlanmasında müvafiq qurumlarla birgə fəaliyyət göstərməlidir.

Son zamanlar cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı meydana çıxan problemlərdən danışan alim insanların şəxsi həyatının toxunulmazlığı, fərdi məlumatların qorunması sahəsində boşluqların olduğunu, sosial şəbəkələrdə təhdidlərin vüsət aldığını diqqətə çatdırıb.

R.Əliquliyev inkişaf etmiş ölkələrdə informasiya cəmiyyəti ideyasını həyata keçirən informasiya ombudsmanı institutunun fəaliyyət göstərdiyini deyib. O, dünya təcrübəsini nəzərə alaraq, ölkəmizdə də belə bir institutunun yaradılmasının, bu istiqamətdə ciddi tədbirlərin görülməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: