Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Fundamental elmi biblioqrafiya: Azərbaycan Xalq Cümhuriyyəti - 100
21.12.2018 10:50
  • A-
  • A
  • A+

Fundamental elmi biblioqrafiya: Azərbaycan Xalq Cümhuriyyəti - 100

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərtib etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı elmi biblioqrafiya “Elm” nəşriyyatında çapdan çıxıb.

Biblioqrafiyanın tərtibçi-müəllifləri fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və ped.ü.f.d. Nadir İsmayılovdur.

Bu fundamental elmi nəşr Azərbaycan dövlətçilik  tarixinin ən parlaq səhifələrindən birinə - müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) həsr olunub. Biblioqrafiyaya Cümhuriyyət dövründə tarixi şərait, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsi, parlamentin və hökümətin fəaliyyəti, dövlət quruculuğu, xarici siyasət, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatı, habelə  Cümhuriyyətin  süqutundan sonrakı dövrdə  istiqlal ideyalarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri əks etdirən materiallar daxil edilib.

Kitabda ilk dəfə olaraq Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti  yarandığı gündən hazırkı dövrə qədər (1918-2018-ci illər) AXC ilə bağlı işıq üzü görmüş bütün materiallar yer alıb. Biblioqrafiyaya müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi qiyməti əks etdirən sənədlər (kitablar, elmi-tədqiqat əsərləri, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələr və s.) də daxildir.

Biblioqrafinın baş elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Kitab elmi işçilər, ali məktəb müəllimləri, tədqiqatçılar, habelə Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: