Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

26.12.2018 12:19
  • A-
  • A
  • A+

Akademik Rasim Əfəndiyevin 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Akademik Rasim Əfəndiyevin 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Dekabrın 26-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə görkəmli sənətşünas alim, akademik Rasim Əfəndiyevin 90 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri giriş nitqi ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açaraq Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında böyük xidmətləri olan mərhum alimin çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, onun yaradıcılıq yoluna nəzər salıb. Bildirib ki, akademik R.Əfəndiyev Azərbaycan sənətşünaslıq elminə layiqli töhfələr verən tədqiqatçı kimi tanınmış, dekorativ-tətbiqi sənət nümunələri ilə mədəniyyətimizi zənginləşdirmişdir. O, elm təşkilatçısı kimi 14 ildən artıq Memarlıq və İncəsənət İnstitutuna rəhbərlik etmişdir. 

Sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək sənətşünas alimin zəngin elmi irsinin sonrakı nəsillər üçün sanballı mənbə olduğunu söyləyib. Qeyd edib ki, bütün mənalı ömrü boyu R.Əfəndiyev məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın elmi-mədəni və ictimai həyatının fəal iştirakçısı olmuşdur. O, çoxsaylı araşdırmalarında xalqımızın əsrlər boyu yaratdığı nadir sənət nümunələrinin hərtərəfli təhlilini aparmış, həmin əsərlərin bədii sənətkarlıq xüsusiyyətlərini üzə çıxararaq milli mədəni inkişafın tarixi baxımından yeri və əhəmiyyətinin müəyyənləşdirilməsində böyük əmək sərf etmişdir. 

Tədbirdə Ə.Salamzadənin “Akademik Rasim Əfəndiyev: alim və elm təşkilatçısı” və Memarlıq və İncəsənət İnstitutunun Təsviri, dekorativ-tətbiqi sənət və heraldika şöbəsinin müdiri, s.ü.f.d., dosent Aida Sadıqovanın “İncəsənət tarixçisi Rasim Əfəndiyev” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə dünya muzeylərində və kolleksiyalarında qorunub saxlanılan sənət abidələrimizin aşkara çıxarılmasında Rasim Əfəndiyevin əvəzsiz xidmətlərinin olduğu qeyd olunub. Bildirilib ki, alimin Azərbaycanın maddi mədəniyyəti və xalq sənətinin müxtəlif sahələrinə həsr etdiyi 30-dan artıq kitabı və 200-dən çox məqaləsi ölkəmizdə və onun hüdudlarından kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir. R.Əfəndiyev sənətşünasların beynəlxalq miqyaslı mötəbər konfrans və simpoziumlarındakı məzmunlu çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, elmi kadrların hazırlanması işinə də xüsusi diqqət yetirmişdir.

Diqqətə çatdırılıb ki, Rasim Əfəndiyevin yarım əsrdən artıq bir dövrü əhatə edən elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş və o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tədbirdə akademik Zemfira Səfərova, s.ü.e.d. Kübra Əliyeva və başqaları çıxış edərək Azərbaycan sənətşünaslığının aparıcı simalarından biri olan R.Əfəndiyevin elmi əsərlərinin əhəmiyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda alimin ailəsi adından çıxış edən s.ü.f.d. Toğrul Əfəndiyev atasının xatirəsinə göstərilən dərin hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: