www.science.az
27.12.2018 15:31

AMEA-da görkəmli tarixçi alim Qaraş Mədətovun 90 illik yubileyi qeyd olunub

Tarix İnstitutunun təşkilatçılığı ilə görkəmli tarixçi alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Qaraş Mədətovun 90 illik yubileyinə həsr olunan konfrans keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə Milli Məclisin deputatları, respublikanın tanınmış alimləri, Q.Mədətovun ailə üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Qaraş Mədətovun elmi-pedaqoji fəaliyyətini əks etdirən kitablar və monoqrafiyalardan ibarət sərgiyə baxış olub.

Konfransı Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq görkəmli alimin həyatı və elmi fəaliyyətindən danışıb. Bildirib ki, Q.Mədətovun Azərbaycan tarix elminin inkişafında müstəsna xidmətləri olub və o, 1968-ci ildən ömrünün so­nu­na­dək institutun Azər­bay­canın müasir dövr tarixi şö­bə­sinə rəhbərlik edib.

Q.Mədətovun bütün elmi fəaliyyətini Azər­baycanın 1941-1945-ci illər mühari­bəsi döv­rü tarixinin tədqiqinə həsr etdiyini deyən Y.Mahmudov bildirib ki, alimin araşdırmalarının nəticəsi "Azər­bay­can Böyük Vətən müharibəsində (1941-1945-ci illərdə)" monoqrafiyasında əksini tapıb. O, 1941-1945-ci illərdə ermənilər tərəfindən məqsədli şəkildə azərbaycanlıların müharibədən yayınması ilə bağlı şayiələrin yayıldığını, xalqımızın bu tarixinin silinməyə çalışıldığını söyləyib. Akademik Q.Mədətovun sözügedən monoqrafiyasının ermənilərin məkrli planlarının qarşısını aldığını diqqətə çatdırıb. Bundan əlavə, SSRİ rəhbərliyindəki erməni siyasətçilərin təzyiqlərinə baxmayaraq, Q.Mədətovun 3 cildlik "Azərbaycan ta­rixi" kitabını nəşr etdirməyə nail olduğunu deyib.

Y.Mahmudov, həmçinin bütövlükdə ölkə tarixinin aktual problemlərinə işıq salan alimin 160-dan artıq elmi əsərin müəllifi olduğunu, Q.Mədətovun rəhbərliyi ilə 11 dok­tor­luq və 30 namizədlik dis­ser­ta­siyasının mü­da­fiə edildiyini vurğulayıb.

Alimin tarix elmimizi respublika sərhədlərindən kənarda da şərəflə təmsil etdiyini deyən akademik Q.Mədətovun əsərlərinin Moskva, Kiyev, Minsk, Tbilisi, Riqa və başqa şəhərlərdə nəşr olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan ta­rixinin tədqiqi və təbliği sahəsində böyük xidmətlərinə görə, alim 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib, o cümlədən 1990-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Y.Mahmudov Q.Mədətovun "Azər­bay­can SSR 1941-1945-ci illər müharibəsində" monoqrafiyasının 90 illik yubileyinə töhfə olaraq təkmilləşdirilmiş şəkildə təkrar nəşr edildiyini söyləyib.

Konfransda akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Rəhilə Quliyeva və digərləri çıxış edərək görkəmli alimin Azərbaycan tarixinə verdiyi töhfələrdən bəhs ediblər.

Sonra Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov "Q.Ə.Mədətovun elmi yaradıcılığında Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində iştirakı məsələləri" və tarix elmləri doktoru Ədalət Qasımov "Q.Ə.Mədətovun həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında" məruzə ilə çıxış edib.

Sonda görkəmli alimin oğlu Tofiq Mədətov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.