Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.01.2019 16:38
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın 2018-ci ildəki fəaliyyəti yüksək qiymətləndirilib

Mərkəzi Elmi Kitabxananın 2018-ci ildəki fəaliyyəti yüksək qiymətləndirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) 2018-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabxanada oxuculara müasir standartlara uyğun xidmətlərin göstərildiyini, fondlarına yeni qiymətli sənədlərin, kolleksiyaların daxil edildiyini söyləyib. Bildirib ki, cari ildə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri münasibətilə müxtəlif formatlı layihələr gerçəkləşdirilib, Milli Rəqəmsal Yaddaş (MRY) bazası ilə bağlı, o cümlədən UNESCO-nun İşçi Qrupunun üzvü qismində önəmli işlər görülüb.

Akademik MEK-in Vikipediya Metodik Mərkəzinin yüksək rəqabətqabiliyyətli quruma çevrildiyini, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər görüldüyünü deyib, gələcəkdə Vikipediya təlim şəbəkəsinin genişləndirilməsini təklif edib. Bundan əlavə, MEK-in Nadir kitab fondunda mühafizə olunan sənədlərin vahid kataloqunun hazırlanıb istifadəyə verilməsini tövsiyə edib.

Sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova təqdimatla çıxış edərək 2017-ci ilin hesabatının müzakirəsi zamanı səslənən tövsiyələrin həyata keçirildiyini vurğulayıb və qurumda 2018-ci ildə görülən işlər barədə danışıb. Bildirib ki, hesabat ilində ölkə başçısının, Nazirlər Kabinetinin fərman və sərəncamlarının, dövlət proqramlarının, eləcə də AMEA-nın qərar və sərəncamlarının icrası istiqamətində işlər görülüb.

Qeyd edib ki, 2018-ci ildə ümmumilli liderin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” adlı elektron resurs hazırlanıb oxucuların istifadəsinə verilib. Resursa MEK-in MRY bazasında mühafizə olunan Heydər Əliyevə aid 1000-dən çox sənədin elektron reyestri, məlumat bazası, video-film daxil edilib.

L.İmanova Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında”, “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” və “Qara Qarayevin 100 illik yubileyi haqqında” sərəncamlarının icrasına dair də məlumat verib. Diqqətə çatdırıb ki, “AXC – 100”, “Milli yaddaşımıza qaytarılan AXC irsi (Türkiyə arxivləri əsasında)”, “Azərbaycan Silahlı Qüvvələri-100” və “Milli Mətbuat informasiya bloku” adlı kolleksiyalar yaradılıb, e-kataloq və rəqəmsal baza ilə təmin edilərək ictimaiyyətə təqdim olunub. Bundan əlavə, “Vikipediyada AXC ayı” çərçivəsində müxtəlif dillərdə 500-dən çox məqalə yaradıldığını, Bakı şəhərindəki 100 məktəb arasında “Vətənim Azərbaycan” şeir qiraəti müsabiqəsinin keçirildiyini, Şamaxı, Qusar rayonu kəndlərinin orta məktəblərinin kitabxanalarına “Açıq Kitabxana” layihəsi çərçivəsində AXC-yə, o cümlədən Azərbaycan tarixi və mədəniyyətinə dair ədəbiyyat nümunələrinin təqdim edildiyini söyləyib. 

MEK-in strateji hədəflərinin məhz müasir dövrün çağırışları üzərində qurulduğunu deyən L.İmanova qeyd edib ki, kitabxanada mühafizə edilən və oxucuların istifadəsinə verilən sənədlərin müəllif hüquqlarının qorunması 2018-ci ildə aktuallıq kəsb edən məsələlərdən olub. Vurğulanıb ki, Elmin İnkişafı Fondunun dəstəyi ilə server yaddaşından optimal istifadə alqoritmi hazırlanıb, MEK-in e-kataloq formatı UNESCO-nun İşçi Qrupu tərəfindən “Məzarlar” layihəsi üçün təsdiq olunub.

Hesabatda MRY bazasının qeydiyyat, rəqəmsallaşdırma, qorunub saxlanılma proseslərinin işlək səviyyəyə gətirilməsi haqqında da məlumat verilib. Bildirilib ki, MRY layihəsinin bazasında əsasən akademik strukturlar tərəfindən milli yaddaşa daxil edilməsi məqsədəuyğun sayılan və tövsiyə olunan elmi əsərlər toplanılıb. Eyni zamanda səfirliklər tərəfindən verilən 221 sənəd, o cümlədən Azərbaycanın elm və mədəniyyət xadimləri, AMEA-nın həqiqi üzvlərinə aid bio-bibliqorafik göstəricilər hazırlanaraq MRY bazasına əlavə edilib. L.İmanova kitabxananın oxucu sayının 5000-i keçdiyini, 40-dan çox ölkənin 250-ə yaxın təşkilatı ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib, gələcəkdə planlaşdırılan işlərdən danışıb.

Hesabat iclasında peşəkar kadrların hazırlanması, təhlükəsizlik, sənədlərin bərpa və konservasiyası, informasiyanın əlaqələndirilməsi kimi problemlər də müzakirə edilib.  

Sonda hesabata dair müzakirələr aparılıb, MEK-in 2018-ci ildəki fəaliyyəti yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: