www.science.az
18.01.2019 16:33

Muzeydə "Qanlı şənbədən istiqlala" mövzusunda anım tədbiri keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov "Qanlı şənbədən istiqlala" mövzusunda məruzə ilə çıxış edib. Akademik Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın ötən əsrdə dünyada baş verən bir çox siyasi proseslərin mərkəzində yer aldığını söyləyib. O, SSRİ-nin dağılmasının məhz Azərbaycandan başladığını, 20 Yanvar hadisələrinin bu prosesi sürətləndirdiyini deyib.

Bildirib ki, SSRİ-nin o vaxtkı rəhbərliyi hərbi gücünü göstərmək, Azərbaycanın yetişməkdə olan istiqlaliyyətinin qarşısını almaq, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya ordu yeridib. Akademik əvvəlcədən planlaşdırılmış qanlı əməliyyatı həyata keçirmək üçün xüsusi təyinatlı dəstə tərəfindən Azərbaycan Televiziyasının enerji blokunun partladıldığını, nəticədə xalqın informasiya almasının, eləcə də hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının əngəlləndiyini söyləyib.

R.Hüseynov həmin gecə beynəlxalq hüquq normalarının kəskin şəkildə pozulduğunu, günahsız mülki şəxslərə divan tutulduğunu, o cümlədən qadınlar, uşaqlar və qocaların öldürüldüyünü deyib.

Muzey direktoru hadisələrə ilk siyasi qiyməti ulu öndər Heydər Əliyevin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda verdiyini və SSRİ rəhbərliyini kəskin şəkildə tənqid etdiyini vurğulayıb.

Faciəni törədənlərin öz siyasi məqsədlərinə çatmadıqlarını deyən akademik Azərbaycan xalqının azadlıq mübarizəsindən geri addım atmadığını və bir il sonra öz istiqlalına qovuşduğunu qeyd edib.

Tədbirdə, həmçinin Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə, şair Vaqif Bəhmənli, publisist Rafiq Səməndər, Əməkdar jurnalist Tahir Aydınoğlu, jurnalist-fotoqraf Rasim Sadıqov və jurnalist, yazıçı-şair Hidayət Elvüsal çıxış edərək faciə ilə bağlı xatirələrini bölüşüb, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.