Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azıx mağarasını dünyaya tanıdan alim
29.01.2019 09:19
  • A-
  • A
  • A+

Azıx mağarasını dünyaya tanıdan alim

Yanvarın 29-da Azərbaycanın görkəmli bioloq alimi, “Qırmızı Əmək Bayrağı” ordeni və “Akademik Həsən Əliyev” adına mükafatların laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin anadan olmasının 90 ili tamam olur.

Ömrünün 47 ilini elmə həsr edən alimin tədqiqatlarının istiqamətini paleontologiya, paleobiolo­giyа, paleote­ra­to­logiya və paleopatologiyanın bir çox istiqamətləri, eləcə də zoologiya, stratiqrafiya, tibbi biologiya, tibbi genetika və kosmik biologiya təşkil edib.

1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirən alim uzun müd­dət Avrasiyanın miosen faunasını (hipparion) öyrənib, həmçinin qədim məməlilərin yeni cins və növlərini təsvir edib. Onun rəhbərliyi altında müqayisəli osteo­logiya, miologiya, odontologiya və arxeozoologiya üzrə tədqiqatlar aparılıb, diş aparatının və skelet sümüklərinin makro və mikrostrukturuna əsasən məməlilərin fərdi yaşının təyin olunmasının kompleks üsulu işlənib hazırlanıb.

Ötən əsrin 60-cı illərində Məmmədəli Hüseynov tərəfindən Dağlıq Qarabağın cənubunda aş­kar edil­miş qədim insan məskəninin öyrənil­məsində, dünya miqyasına qal­dırılmasında D.Hacı­yevin böyük rolu olub. O, Azıx mağarasının 5-ci təbə­qəsində aşkar edilən daş alətlərin Orta Aşel mədəniyyətinə mənsub olduğunu təsdiqləyib, o cümlədən həmin təbəqədə tapılan ibti­dai insanın alt çənə sümüyünün 20-22 yaşlı qadına məx­susluğunu müəyyənləşdirib.

1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilən alimin tədqiqatları yüksək qiymətləndirilib və o, “Qırmızı Əmək Bayrağı” ordeninə (1971), “Fədakar əməyə görə” medalına (1970), SSRİ Elmlər Akademiyasının “Akademik S.İ.Vavilov” adına xatirə medalına (1983), “Akademik Həsən Əliyev” adına mükafata və diploma (1996), “Əməkdar elm xadimi” fəxri adına və bir sıra fəxri fərmanlara layiq görülüb.

Dəmir Hacıyev 1999-cu ildə 70 yaşında Bakıda vəfat edib.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin cari il yanvarın 16-da baş tutan iclasında Dəmir Hacıyevin 90 illik yubileyinin qeyd edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: