Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.02.2019 15:19
  • A-
  • A
  • A+

AMEA ilə “Azərkosmos” ASC-nin birgə layihələri müzakirə olunub

AMEA ilə “Azərkosmos” ASC-nin birgə layihələri müzakirə olunub

Fevralın 12-də AMEA ilə “Azərkosmos” ASC-nin birgə layihələrinin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev son iki ildə AMEA-nın beş institutunun “Azərkosmos” ASC ilə müştərək qrand layihələrdə iştirak etdiyini və birgə təqdiqatlar apardığını deyib.

Daha sonra “Azərkosmos” ASC-nin qrup rəhbəri Aqil Əhmədov təmsil etdiyi qurumun fəaliyyətinə dair təqdimatla çıxış edib. Qrup rəhbəri “Azersky” peykinin xidmətlərindən, optik və radar peyklər vasitəsilə təsvirlərin alınması və onların rəqəmsal emalı, bitki örtüyü xəritəsinin yaradılması və məhsuldarlığının proqnozlaşdırılması, suvarma sistemləri tətbiq olunmuş sahələrin peyk təsvirlərinin əldə edilməsi, respublikanın müxtəlif ərazilərində aparılan kosmik monitorinq, ölkə ərazisində göllərin kadastrının hazırlanması və s. istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

AMEA-nın müvafiq institutları ilə birgə həyata keçirilən tədqiqatların əhəmiyyətini vurğulayan A.Əhmədov bildirib ki, bu tədqiqatlar əsasən bir çox rayonlarda torpaqların şoranlaşmasının, bəzi neft və qaz çıxarılan ərazilərin çirklənməsinin müəyyən edilməsi, işğal olunmuş ərazilərdə filiz yataqlarının monitorinqi və digər müştərək işlərdən ibarətdir.

Təqdimatda A.Əhmədov təklif olunan əməkdaşlıq istiqamətlərini də sadalayıb. Qeyd edib ki, bu istiqamətlər kənd təsərrüfatı, ekologiya, coğrafiya, torpaqşünaslıq, geologiya, energetika, neft-qaz, alternativ enerji və başqa sahələri əhatə edir.

Sonra “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov təmsil etdiyi qurumun AMEA ilə birgə əməkdaşlıq imkanlarından söz açıb. O, qeyd olunan sahələrdə tədqiqatların dəstəklənməsinin zəruriliyini qeyd edərək, bu istiqamətdə akademiyanın təcrübəsinin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. R.Rüstəmov gələcəkdə kosmosun birgə tədqiqi, nanopeyklərin hazırlanması, kosmik eksperimentlər və s. sahələrdə fəaliyyətin perspektiv planda olduğunu deyib.

Görüşdə Rəyasət Heyətinin üzvü v.i.e., AMEA-nın müxbir üzvü Bilal BilalovStrateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev, Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib MəmmədovŞamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq CəlilovZoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov və başqaları çıxış ediblər.

Tədbirdə əldə olunan peyk təsvirlərinin arxivləşdirilməsi və qorunması, bu arxivlərdən tədqiqatçıların istifadə imkanları, topoqrafik deşifrələmə, kosmos siqnallarının təhrif olunmadan alınması, təsvirlərin əldə edilməsi zamanı yerüstü ölçmələr, ərazilərin spektral xassələrinə görə təsnifatı, təbii fəlakətlər zamanı müəyyən vaxt şəraitində ardıcıl müşahidəetmə və digər məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: