Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.02.2019 09:55
  • A-
  • A
  • A+

Almaniyalı alimlər e.ə. V əsrə aid tapıntıları tədqiq edirlər

Almaniyalı alimlər e.ə. V əsrə aid tapıntıları tədqiq edirlər

2013-cü ildən başlayaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Almaniyanın Münhen Lüdviq-Maksimilian Universitetinin Ön Asiya Arxeologiyası İnstitutu Şəmkir rayonunun Qaracəmirli kəndində və ətraf ərazilərdə arxeoloji araşdırmalar aparırlar. Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiya tərəfindən Qaracəmirli kəndinin ərazisində aşkar olunan e.ə. V-IV əsrlərə aid sarayda arxeoloji tədqiqatlar davam etdirilir, həmçinin Şəmkir rayonu ərazisindəki digər yeni abidələrin  qeydiyyatı və həmin abidələrdə əsasən kəşfiyyat xarakterli qazıntılar həyata keçirilir.

Bu abidələrin kompleks şəklində öyrənilməsi, Şəmkir rayonundaki arxeoloji abidələrdən aşkar olunmuş materiallarla tanışlıq və onların analizi məqsədilə Beynəlxalq Şəmkir-Qaracəmirli ekspedisiyasının rəhbəri, t.ü.f.d. Emil İsgəndərov, Münhen Lüdviq-Maksimilian Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun Mədəni tədqiqatlar fakültəsinin Antik və müasir mədəniyyətlər departamentinin əməkdaşı, doktor Kai Kaniyut və departamentin elmi işçisi  Mişaila Şauer AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun Arxeoloji fondunda birgə araşdırmalar aparırlar.

Alman arxeoloqların bildirdiklərinə görə, Şəmkir ərazisindəki abidələrdən aşkar edilmiş keramika nümunələri onların gətirdikləri müasir portativ rentgen-flüorestsens spektrometr cihazları vasitəsilə tədqiq edilir. Cihazlar imkan verir ki, Azərbaycanın qədim əhalisinin keramika istehsalının texnologiyası barədə dəqiq və müfəssəl məlumatlar əldə edilsin.

K.Kaniyut AMEA Arxeologiya və Etnorafiya İnstitutunun Elmi Arxivində Azərbaycanın İlk dəmir — Antik dövrləri tədqiqatları üzrə toplanmış arxeoloji qazıntıların hesabatları ilə də tanış olub.  Elmi araşdırmaların nəticələri, dünyanın ən nüfuzlu dövrü elmi toplularında dərc ediləcək, Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə xüsusi elmi-tədqiqat əsərlərində əksini tapacaqdır.

Beynəlxalq ekspedisiyanın rəhbəri, t.ü.f.d. Emil İsgəndərovun bildirdiyinə görə, müasir arxeoloji tədqiqatların səviyyəsi arxeometrik araşdırmaların nəticələri ilə ölçülür. Almaniyalı həmkarların tədqiqatları Azərbaycan arxeologiyasının nailiyyətlərinin dünyada tanınması baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: