Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” adlı kitabın təqdimatı olub
18.02.2019 12:20
  • A-
  • A
  • A+

“Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” adlı kitabın təqdimatı olub

AMEA Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” adlı kitabın təqdimatı keçirilib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun anadan olmasının 80 illiyinə həsr olunan kitabın ideya müəllifi və tərtibçisi tarixçi alim Güntəkin Nəcəflidir. 

Təqdimat mərasimində Milli Məclisin deputatı Fəzail İbrahimli çıxış edərək Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən danışıb. Görkəmli alimin pedaqoji fəaliyyətindən bəhs edən F.İbrahimli onun 1986-1990 və 1994-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı olduğunu diqqətə çatdırıb. O, Y.Mahmudovun pedaqoq kimi tələbələrinə nümunə olduğunu, alimin yetirmələrinin onun adını daim uca tutduqlarını, müəllimləri ilə fəxr etdiklərini söyləyib.

Tədbirdə Yaqub Mahmudovun yetirmələri – tarixçi alimlər Güntəkin NəcəfliSevinc RuintənRəsul HüseynliDilavər Əzimli və başqaları çıxış edərək ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində Y.Mahmudovun mühüm rolunu qeyd ediblər. Bildirilib ki, alimin bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.

Qeyd olunub ki, Yaqub Mahmudovun Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsində mühüm xidmətləri var. Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

Kitabda Yaqub Mahmudovun 20 Yanvar faciəsi ərəfəsində Tarix fakültəsinin tələbələrini qorumaq məqsədi ilə imtahanların vaxtını irəli çəkməsi və onun tələbələrindən yalnız 1 nəfərin xəsarət alması barədə məlumat yer alıb. Bundan başqa, görkəmli alimin milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verdiyi bildirilib.

Diqqətə çatdırılıb ki, sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və onların fəaliyyəti qadağan edildiyinə görə, 1989-cu ildə Tarix fakültəsinin 70 illik yubileyi çətinliklə baş tutub. Dekan olarkən Y.Mahmudovun sədri olduğu Elmi Şura S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudovun təşəbbüsü ilə Sovet İttifaqı Kommunist Partiyasının Tarix fakültəsindəki ilk partiya təşkilatı buraxılıb. 

Sonda Y.Mahmudov çıxış edərək göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: