Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

21.02.2019 16:15
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadəyə həsr olunan "Bir müəllifin izi ilə" adlı təqdimat keçirilib

Akademik Akif Əlizadəyə həsr olunan "Bir müəllifin izi ilə" adlı təqdimat keçirilib

Fevralın 21-də AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Azərbaycanın tanınmış şəxslərinə həsr olunan "Bir müəllifin izi ilə" adlı təqdimatlara start verilib.

Layihə çərçivəsində ilk təqdimat Azərbaycanın görkəmli geoloq alimi, Dövlət Mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı, AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həsr olunub.

Tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq informasiya təhlükəsizliyinin və İnternet məkanında Azərbaycana aid informasiyaların idarə olunmasının rəhbərlik etdiyi qurumun əsas strateji hədəflərindən olduğunu və layihənin bu səpkidə keçirildiyini söyləyib. L.İmanova Azərbaycanın elmi irsinin sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin müəyyən olunmuş hədəflərin icrası üçün MEK tərəfindən Milli Rəqəmsal Yaddaş Bazasının, Vahid İdarəetmə Sisteminin formalaşdırıldığını, eləcə də Vikipediyada ölkəmizə aid məlumatların mütəmadi yeniləndiyini deyib.

Tədbir haqqında qonaqlara məlumat verən MEK direktoru bildirib ki, layihə çərçivəsində Azərbaycan elminə töhfələr vermiş görkəmli alimlərə həsr olunan silsilə təqdimatların keçirilməsi nəzərdə tutulur.

L.İmanova ilki baş tutan tədbirdə akademik Akif Əlizadənin müəllifi olduğu, həmçinin ona həsr edilən kitabların texniki işlənmə prosesindən keçdiyini, elektron və ənənəvi kataloqa salındığını, eyni zamanda rəqəmsallaşdırıldığını vurğulayıb. Bundan əlavə, kitabxananın Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən AMEA prezidentinin Vikipediya səhifəsinin təkmilləşdirildiyini diqqətə çatdırıb.

Sonra MEK-in əməkdaşları Günel Əhədova və Günay Məmmədova tərəfindən A.Əlizadənin kitablarının MEK-in şöbələrində texniki işlənmə prosesini, eləcə də Vikipediyaya əlavə olunmuş məlumatları əks etdirən video təqdim edilib.

Tədbirdə, həmçinin Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və digərləri çıxış edərək layihənin ölkəmizin informasiya təhlükəsizliyinə töhfə verəcəyini söyləyib, həmçinin Azərbaycanın tarixi şəxsiyyətlərinə, dövlət xadimlərinə aid məlumatların Vikipediyada yerləşdirilməsi və təkmilləşdirilməsinin önəmini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: