Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

01.03.2019 12:14
  • A-
  • A
  • A+

Görkəmli ədib Cəfər Cabbarlının zəngin irsindən söhbət açılıb

Görkəmli ədib Cəfər Cabbarlının zəngin irsindən söhbət açılıb

Kürdəmir şəhər 6 saylı tam orta məktəbində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbirin aparıcısı muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı böyük dramaturqun  həyat və yaradıcılığı barədə geniş məlumat verib. Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlı yaradıcılığının özünəməxsus yeri və rolu olduğunu qeyd edən alim bildirib ki, gənc nəslin tərbiyəsində onun əsərləri böyük təsirə malikdir. 

Y.Bahadurqızı XX əsr Azərbaycan dramaturgiyasında, teatrında, kinosunda ilklərə imza qoyan qüdrətli sənətkarın milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirməsindən, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoymasından danışıb. Bildirib ki, böyük ədibin əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynayıb.

Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova çıxış edərək C.Cəbbarlının əsərlərinin Azərbaycan tarixinin bədii ifadəsi olduğunu və ədəbiyyat tariximizdə bir epoxanı əks etdirdiyini vurğulayıb.

Daha sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunan sənədli film göstərilib.        

Tədbirdə məktəblilər Cəfər Cabbarlının “Ana”, “Ölkəm”, “Azərbaycan bayrağına”, “Oxu bülbül”, “Məhəbbət aləmi qəmdir”, “Tellər oynadı”, “Azad bir quşdum”, “Dan ulduzu” şeirlərindən nümunələr oxuyub, şairin dram əsərlərindən səhnəciklər nümayiş etdiriblər.

Sonda məktəbin diriktoru Elmira Süleymanova çıxış edərək Prezident İlham Əliyevin “Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 17 dekabr 2018-ci il tarixli Sərəncamını elmimizə, ədəbiyyatşünaslığımıza göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: