Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Sabahın alimləri” VIII respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib
01.03.2019 15:29
  • A-
  • A
  • A+

“Sabahın alimləri” VIII respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) “Sabahın alimləri” VIII respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

27 Mart - Elm Günü ilə bağlı akademiyada təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq baş tutan görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edərək elmin dövlətin inkişafındakı və cəmiyyətdəki rolundan danışıb. Elmlə təhsilin inteqrasiyasına toxunan alim sağlam düşüncəli və yüksək elmi biliyə malik gələcək nəslin yetişdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu söyləyib. O, bu istiqamətdə RPİ-də uzun illərdir müəyyən işlərin həyata keçirildiyini, müəssisənin yetişdirdiyi gənc alimlərin respublika və beynəlxalq miqyaslı yarışmalarda yüksək mükafatlara layiq görüldüklərini vurğulayıb.

O.Səmədov bildirib ki, RPİ-nin alimlərinin rəhbərliyi ilə Bakı Avropa liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə” adlı layihəsinə görə “Sabahın alimləri” VIII respublika müsabiqəsinin “Biologiya” nominasiyasında 1-ci, Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova isə “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” adlı layihəyə görə “Fizika” nominasiyasında 3-cü yerə layiq görülüblər.

Daha sonra professor Rövşən Xəlilov, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabova və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibova çıxış edərək bu cür yarışmaların gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyətə malik olduğunu bildiriblər.

Sonra şagirdlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: