Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da məşhur sirk ustası Mansur Şirvaninin 100 illik yubileyi qeyd olunub
14.03.2019 15:21
  • A-
  • A
  • A+

AMEA-da məşhur sirk ustası Mansur Şirvaninin 100 illik yubileyi qeyd olunub

Martın 14-də AMEA Memarlıq və İncəsənət İnstitutunda Əməkdar artist Mansur Şirvaninin 100 illik yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib.

Tədbirdə institutun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov Mansur Şirvani kimi incəsənət xadimlərimizin yubileylərinin qeyd olunmasının vacibliyini vurğulayıb.

Sonra institutun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun məruzəsi dinlənilib. Məruzədə ənənəvi sirk sənətinin tarixindən və məşhur sirk ustalarından bəhs olunub. Qeyd edilib ki, ölkəmizdə ənənəvi sirk sənətinin tarixi çox qədimlərə gedib çıxsa da, peşəkar sirk nisbətən yaxın keçmişdə yaranıb. Peşəkar sirk artistlərimiz qısa dövr ərzində yüksək nailiyyətlər əldə edərək, adlarını dünya sirk sənəti tarixinə yazdıra biliblər. Belə istedadlı sirk artistlərindən biri də manipulyasiya və illüziya ustası, heyvan təlimçisi, Əməkdar artist Mansur Şirvanidir.

Qeyd olunub ki, ixtisasca hüquqşünas olan Mansur Şirvani qəlbinin səsi ilə 1949-cu ildə sirk sənətinə gəlib, Azərbaycan milli sirk kollektivinin aparıcı artistlərindən olub. 1965-ci ildən etibarən əhliləşdirilmiş heyvanlardan ibarət böyük attraksionla çıxış edən Mansur Şirvani Azərbaycan sirk sənətində dressura ənənələrini davam etdirən sənətçi olub. O, dünyanın bir çox ölkələrində milli mədəniyyətimizi təmsil edib.

Sonda sənətçi haqqında çəkilmiş filmlərdən parçalar nümayiş olunub.

Seminarda iştirak edən sirk ustası Tofiq İsgəndərli belə tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib, təşkilatçılara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: