Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şamaxı Astrofizika Rəsədxanası
21.08.2014 00:00
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə, Astrofizika Sektoru və onun Pirqulu Astronomiya Stansiyasının əsasında, Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır.

Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış, daimi fəaliyyət göstərən astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün müvafiq və əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulur. Rəsədxana Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində Astrofizika şöbəsi (1954), sonradan Elmlər Akademiyasının Astrofizika Sektoru (1956) kimi fəaliyyət göstərir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu kimi Azərbaycan EA strukturuna daxil edilir.

Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H.F.Sultanov 1960-1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.

1953-59-cu illərdə astronomik müşahidələrlə yanaşı, gələcək rəsədxananın layihələşdirilməsi, astronomiya ixtisası üzrə kadrların hazırlanması, teleskop və avadanlıqla təchizatı, rəsədxananın strukturu və s. məsələlər üzərində ciddi iş aparılır.

1957-ci ildə Pirqulu Astronomiya Stansiyasında ilk teleskop qurulmuşdur (Xromosfer-Fotosfer Günəş teleskopu). 1959-cu ildə isə 200 mm-lik fotoelektrik teleskop istifadəyə verilmiş və onun vasitəsilə ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapmışdır. Sonrakı illərdə: Üfüqi Günəş teleskopu (1962), AST-452 teleskopu (1964), AZT-8 teleskopu (1970), “Seyss-600” (1980) teleskopu istifadəyə verilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının təchizatında 2 metrlik teleskopun alınması (Almaniya Demokratik Respublikasının “Karl Seyss” firmasında istehsal olunmuşdur) və 1966-cı ilin sentyabrında istifadəyə verilməsi, xüsusi əhəmiyyət kəsb edir. Nəinki ŞAR-ın fəxri, eləcə də Azərbaycan eksperimental elminin bayraqdarı sayılan bu məşhur optik teleskopun alınmasında və operativ şəkildə qurulmasında Azərbaycan EA-nın keçmiş prezidenti, mərhum akademik Yusif Məmmədəliyevin, Akademiyanın vitse-prezidenti, xalq şairi Səməd Vurğunun xüsusi rolu olmuşdur.

1960-1980-ci illərdə Şamaxı Rəsədxanasında intensiv şəkildə astrofiziki müşahidələr təşkil olunmuşdur. Elə həmin illərdə də astrofizika ixtisası üzrə kadrların hazırlanması işinə böyük diqqət verilmişdir. Bu məqsədlə 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin xüsusi göstərişi ilə Azərbaycan Dövlət Universitetində Astrofizika kafedrası yaradılmışdır. Sonralar həmin kafedra ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynamışdır.

1981-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilmişdir. Rəsədxananın nəzdində ŞAR-ın Batabat Bölməsi (1973-cü il) və Ağdərə Astronomiya Stansiyası (1997-ci il) (Naxçıvan Muxtar Respublikası) yaradılmışdır. 2002-ci ildə o, respublika Prezidentinin qərarı ilə yaradılmış Azərbaycan MEA Naxçıvan Bölməsinin tərkibinə keçirilmiş və indi sərbəst rəsədxana kimi fəaliyyət göstərir.

Şamaxı Astrofizika Rəsədxanasının həm də Bakı Şəhərində Bölməsi (BŞB) təşkil olunmuş, burada nəzəri tədqiqatçılar və paytaxtda yaşayan mütəxəssislər fəaliyyət göstərir. BŞB rəsədxananın fəaliyyətinin koordinasiyasında və onun AMEA-nın digər strukturları və institutları ilə qarşılıqlı əlaqələrində də xüsusi əhəmiyyət kəsb edir. Burada həm də dissertasiya müdafiələri, müntəzəm elmi seminarlar keçirilir, rəsədxananın elmi məcmuəları yığılır və onun rəsmi VEB-saytı idarə olunur.

Şamaxı Astrofizika Rəsədxanasında astronomiya tarixi muzeyi fəaliyyət göstərir. Muzey rəsədxananın və bütövlükdə astronomiyanın təbliğində vacib rol oynayır.

Azərbaycanda astronomiyanın inkişafındakı nailiyyətlərə görə Beynəlxalq Astronomiya İttifaqı 1970-2011-ci illərdə yeni tapılmış asteroidlərə “Azərbaycan”, “ŞAR”, “Nizami”, “Cavid”, “Müslüm Maqomayev”, “Tusi”, “Ayyubguliev” adları vermişdir. Merkuri planetində bir kraterə Nizami, Marsda kraterə ŞAR-ın mərhum əməkdaşı Nadir İbrahimovun, Ayda bir kraterə isə Nəsirəddin Tusinin adı verilmişdir. Hazırda kiçik göy cisimlərinə və eləcə də planetlərin kraterlərinə verilmiş adların 13-ü Azərbaycanla bağlıdır. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan astronomiyasının artan şöhrətinin və nüfuzunun nəticəsidir.

Şamaxı Astrofizika Rəsədxanasında yetişmiş alim və mütəxəssislər bu gün dünyanın bir çox ölkələrinin, o cümlədən ABŞ, İsrail, Ukrayna, Rusiya, Türkiyənin elmi müəssisələrində öz fəaliyyətlərini uğurla davam etdirirlər.

Rəsədxana Azərbaycan elminin təbliğində də əhəmiyyətli rol oynayır. Buraya gələn çoxsaylı xarici qonaqların sırasında dövlət başçıları, nazirlər, diplomatlar, deputatlar, görkəmli elm xadimləri, o cümlədən Nobel mükafatı laureatları, Akademiya prezidentlərinin gəlişi xüsusi əhəmiyyət kəsb edir.

2009-2013-cü illərdə N.Tusi ad. Şamaxı Astrofizika Rəsədxanasında, Azərbaycan Respublikasının Prezidenti cənab İ.H.Əliyevin sərəncamları əsasında, yenidənqurulma işləri aparılmışdır. Cənab Prezidentin Azərbaycan elminə göstərdiyi diqqət və qayğısı nəticəsində rəsədxananın yaşayış bölməsi tamamilə yenilənmiş, onun baş korpusu əsaslı təmir olunmuş (yeni astronomiya muzeyi, böyük konfrans zalı və s. əlavə olunmuşdur), yeni laboratoriya korpusu tikilmiş və teleskoplar yerləşən binalar əsaslı təmir olunmuş, bir sıra yardımçı obyektlər (yeməkxana, qazanxanalar, yarımstansiyalar və s.) istifadəyə verilmiş, böyük həcmdə abadlıq işləri yerinə yetirilmişdir. Müasir standartlara cavab verən yeni kommunikasiya xətləri (qaz, su, elektrik enerjisi, telefon və s.) çəkilib istifadəyə verilmişdir. 2 m-lik teleskop tam modernləşdirilmiş və avtomatlaşdırılmışdır.

Astronomik güzgülərin səthinin alüminiumlaşdırılması üçün B-240 vakuum qurğusu 2007-ci ildə bərpa olunmuşdur. Onun yerləşdirilməsi üçün xüsusi bina tikilib istifadəyə verilmişdir. 2013-cü ilin yay aylarında ŞAR-ın tarixində ilk dəfə olaraq güzgülərin alüminiumləşdirilməsi prosesi yerli mütəxəssislər tərəfindən aparılmışdır. Adıçəkilən nadir qurğunun olması Şamaxı Astrofizika Rəsədxanasına təkcə öz güzgülərinin yox, eləcə də region rəsədxanalarının güzgülərinə müntəzəm olaraq alüminium qatının çəkilməsinə imkan verir.

Rəsədxanada elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem üzrə aparılır: “Ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi” (göy cisimlərində baş verən qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi) və “Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası” (Günəş atmosferində fəal qurumların dinamika və fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası və təkamülü). Bunlardan başqa, astronomiyanın tarixi, nəzəri tədqiqatlar, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif Kosmik hava faktorlarından (Günəş fəallığı, maqnit fırtınaları və s.) asılılığı və s. problemlər üzrə tədqiqatlar aparılır.

Şamaxı Astrofizika Rəsədxanasında 150-yə yaxın əməkdaş işləyir. Onlardan 55-i elmi işçi, 10-u mühəndisdir. Elmi əməkdaşlardan 5 nəfəri fizika-riyaziyyat elmləri doktoru, 23 nəfəri fizika-riyaziyyat elmləri namizədi, 2 nəfəri AMEA-nın müxbir üzvüdür. ŞAR-ın fəaliyyəti dövründə əməkdaşlar 12 doktorluq və 85 namizədlik dissertasiyası müdafiə etmişlər. 2004-cü ilədək Azərbaycanda astronomiya ixtisası üzrə müdafiə şurası olmadığından dissertasiyalar əsasən keçmiş SSRİ-nin astronomiya mərkəzlərində müdafiə olunmuşdur. 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən bu gerilik aradan qaldırıldı və ŞAR-da “Astrofizika və ulduz astronomiyası” (2108.01) ixtisası üzrə müdafiə şurası yaradıldı.

Rəsədxananın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən astronomiya üzrə 100-dən çox monoqrafiya, kitab, dərslik, kataloq, elmi-kütləvi kitablar yazılmış və nəşr edilmişdir. 40 illik tarixə malik olan “ŞAR-ın Sirkulyarı” jurnalının 120 nömrəsi çapdan çıxmışdır. 2006-cı ildən başlayaraq “Azərbaycan Astronomiya Jurnalı” nəşr olunmağa başlayır və 2013-cü ilədək jurnalın 26 sayı işıq üzü görüb. Bununla yanaşı, Rəsədxana ingilis dilində nəşr olunan beynəlxalq səviyyəli “Sun and Geosphere” jurnalının buraxılmasında da iştirak edir. ŞAR-ın mövcud olduğu dövr ərzində onun əməkdaşları xarici və yerli jurnallarda 2500-dən artıq məqalə çap etdirməyə nail olmuşlar.

Şamaxı Astrofizika Rəsədxanasında bir sıra beynəlxalq və respublika səviyyəli simpozium və konfranslar keçirilmişdir. Bunların arasında Beynəlxalq Astronavtika Federasiyasının konqresini (1972), maqnit ulduzların tədqiqinə həsr olunmuş konfranslar (1973, 1976), SSRİ EA Astronomiya Şurasının plenumu (1984), “Tusi-800” Məclisləri (1998-2002-ci illər ərzində 8 konfrans), “Dövrülük və kosmoloji problemlər” (2003), “ŞAR-ın əsasının qoyulmasının 60 illiyinə həsr olunmuş Beynəlxalq konfrans” (2013) və sairləri göstərmək olar.

ŞAR-ın fəaliyyəti dövründə rəsədxana əməkdaşları bir sıra aktual mövzular üzrə xarici ölkələrin astronomları ilə birgə işlər yerinə yetirir. Günəş fizikası və Günəş-Yer problemi üzrə Rusiya, Almaniya, İsrail, Bolqarıstan, Gürcüstan və s. ölkələrin ayrı-ayrı astronomik təşkilatları ilə sıx əməkdaşlıq yaranmışdır. Ulduz fizikası istiqaməti üzrə Rusiyanın bir neçə rəsədxanasının əməkdaşları ilə birgə tədqiqatlar aparılır (Rusiya EA XAR, Moskva DU-nun Şternberq ad. Dövlət Astronomiya İnstitutu, Sankt-Peterburq DU və s.). Komet və meteorların tədqiqi üzrə Rusiya, Ukrayna, Tacikistan və s. ölkələrin astronomları ilə sıx əlaqələr yaradılmış və birgə işlər həyata keçirilir. ŞAR əməkdaşları xarici dövlətlərdə keçirilən konqress, simpozium və konfransların işində ardıcıl və fəal iştirak edir, dünya astronomlarını rəsədxanada aparılan işlər barədə məlumatlandırırlar. Rəsədxana ərazisində ABŞ-ın məşhur Stenford Universitetinin səyyar qurğusu fəaliyyət göstərir.

ŞAR-ın son illər maddi-texniki bazasının lazımi səviyyədə saxlanması istiqamətində xeyli işlər həyata keçirilmişdir. 1998-ci ilin iyun-iyul aylarında 2 m-lik teleskopda, Rusiyadan gətirilmiş CCD-kamera və eşelle-spektrometr qurulmuşdur. 1998-ci ilin iyul ayında 7 illik fasilədən sonra 2 m-lik teleskopda yeni sistemin köməyi ilə ilk kompyuterləşdirilmiş müşahidələr aparılmış və yaxşı nəticə alınmışdır. 1998-2000-ci illərdə enerji təchizatındakı çətinliklərə baxmayaraq, ŞAR-da 1000-dən çox ulduz spektri alınmış və araşdırmalar üçün zəruri “xammal” bazası yaranmışdır.

1999-2000-ci illərdə ŞAR-da keyfiyyətcə yeni işıqqəbuledici cihazlar quraşdırılmış, Üfüqi Günəş teleskopundakı spektroqrafın, 70 sm-lik teleskopdakı fotometr və polyarimetrin, həmin teleskopda vaxtilə qurulmuş spektrofotometrin fəaliyyəti avtomatlaşdırılmış və kompyuterləşdirilmişdir. Bununla da müşahidəçilərin fotolövhələrdən asılılığına qismən də olsa son qoyulmuşdur.

2000-ci ildə ŞAR-ın bir qrup əməkdaşı teleskopun boş qalmış Kasseqren fokusu üçün də yeni bir işıqqəbuledici hazırlanması ideyasını irəli sürdü: vaxtilə teleskopda istifadə olunmuş, lakin artıq öz dövrünü başa vurmuş UAGS spektroqrafı əsasında yeni eşelle-spektroqrafı yığmaq və onu həmin fokusda istifadə etmək yeni spektroqraf almaqdan təxminən on dəfə ucuz başa gəlirdi. Məlumdur ki, hər fokusun öz xüsusiyyətləri var və Kasseqren fokusunda daha zəif obyektlər müşahidə oluna bilər. İrəli sürülmüş ideya 2001-ci ilin yayında həyata keçirildi. Hazırda 2 m-lik teleskopun Kude fokusu üçün yüksək ayırdetməyə malik olan spektroqrafın hazırlanması üzərində işlər başa çatdırılmış və bu spektroqraf vasitəsilə müşahidələr aparmaq üçün böyük ölçülü işıqqəbuledicisi alınmışdır (CCD-kamera).

2013-cü ildə 2 m-lik teleskopun idarəedilməsi Çexiya mütəxəssislərinin iştirakı ilə avtomatlaşdırılmış və modernləşdirilmişdir. Bu dəyişiklik teleskopun hətta uzaq məsafədən kompyuter vasitəsilə idarə olunmasına imkan verir.

Qeyd etdiyimiz kimi, ŞAR-ın elmi fəaliyyətində ulduzlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi əsas yer tutur. Bu sahədə əsas tədqiqatlar ulduz atmosferlərində və qalaktikalarda baş verən qeyri-stasionar proseslərin öyrənilməsinə yönəlmişdir. Tədqiqatlar əsasən ŞAR-dakı ulduz teleskoplarında alınmış müşahidə materialları əsasında aparılır. ŞAR-ın 2 m teleskopunda bir sıra qalaktikaların, sıx-qoşa, maqnit, T Buğa tipli və geniş örtüklü ulduzların tədqiqinə həsr olunmuş işlər yerinə yetirilmişdir. Bu tədqiqatlarda müxtəlif tip ulduzların fiziki və kimyəvi xassələri, onların atmosferlərində gedən dövri prosesləri səciyyələndirən ədədi nəticələr müşahidələr və hesablamalar nəticəsində aşkar olunur. Uzun müddət Şamaxı Astrofizika Rəsədxanası keçmiş Sovetlər Birliyində ulduz astronomiyası üzrə aparıcı müəssisələrdən hesab olunurdu. Ulduzlarla yanaşı, bir sıra qalaktika və dumanlıqların tədqiqi də ŞAR tematikasında əsas yer tutur.

Rəsədxananın elmi istiqamətlərindən biri də Günəş fizikasıdır. Bu istiqamət özündə Günəşin səthindəki fəal törəmələrin (alışmalar, proteburanslar, məşəllər və s.) tədqiqini, onun daxilində formalaşan müxtəlif xarakterli dalğaların mahiyyətinin araşdırılmasını, çox aktual olan Günəş-Yer əlaqələrinin öyrənilməsini cəmləşdirir. Rəsədxana əməkdaşları Günəşin diferensial fırlanmasının, onun fəallığındakı 11 illik və digər xarakterli dövrülüklərin səbəblərinin araşdırılmasında əhəmiyyətli nəticələr əldə etmişlər.

Rəsədxananın elmi istiqamətlərindən daha biri Günəş sistemi cisimlərinin (planetlər və onların peykləri, kometlər, asteroidlər və s.) tədqiqi, onların təkamülü və əmələ gəlməsi məsələləridir. ŞAR alimləri böyük planetlərin və onların peyklərinin müşahidəsi, asteroidlərin, ayrı-ayrı komet və meteor qruplarının əmələ gəlməsi və təkamülü istiqamətində dəyərli tədqiqatlar aparıb vacib nəticələr əldə etmişlər.

Bunlarla yanaşı, ŞAR tematikasında nəzəri tədqiqatlar və astronomiya tarixi də önəmli yer tutur. Azərbaycanın dahi ensiklopedik alimi Nəsirəddin Tusinin elmi irsinin araşdırılması, onun kitab və əsərlərinin üzə çıxarılıb Azərbaycan dilində çap edilməsi işləri də rəsədxananın nailiyyəti hesab oluna bilər. Eləcə də bir sıra dərsliklərin, ensiklopediya və lüğətlərin hazırlanmasında rəsədxananın əməkdaşlarının əməyi xüsusi qeyd olunmalıdır.

Təsadüfi deyil ki, rəsədxanada alınmış nəticələrin bir çoxu dünya alimləri tərəfindən qəbul edilir və onlara çoxsaylı istinadlar mövcuddur.

ŞAR-ın fəaliyyəti dövründə əməkdaşların bir çoxu dövlət təltifləri, fəxri fərmanlarla təltif olunmuşlar. Bir çox əməkdaşlarımız Beynəlxalq Astronomiya İttifaqının, Avropa Astronomiya Cəmiyyətinin, Avrasiya Astronomiya Birliyinin üzvü seçilmişlər. Rəsədxana Beynəlxalq Astronavtika İttifaqının üzvüdür.

Rəsədxanaya bir çox xarici ölkələrdən, o cümlədən Rusiya, Ukrayna, İran və Türkiyədən tələbə və praktikantlar gəlir, böyük teleskopda işləmək vərdişlərinə yiyələnirlər.

Şamaxı Rəsədxanasının gələcək perspektivləri daim Azərbaycan hökumətinin və şəxsən cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. 2009-2013-cü illərdə respublika Prezidenti 3 dəfə Rəsədxanada olmuş, buradakı işlərin gedişi, alimlərin yaşayış qayğıları ilə tanış olmuş, müvafiq sərəncamlar və göstərişlər vermişdir. Yuxarıda qeyd edildiyi kimi, həmin sərəncamların real nəticəsi kimi son illər ŞAR-da geniş quruculuq işləri aparılmış, Rəsədxana keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Cənab Prezident AMEA və ŞAR rəhbərliyinə bu uğurlarla kifayətlənməməyi, Rəsədxanaya ən yeni texnologiyanın cəlb olunması, hətta daha böyük çaplı optik teleskopun əldə olunması üzrə təkliflər hazırlamağı tövsiyə etmişdir.

Elmin vacib sahəsi sayılan astronomiyanın Azərbaycanda ən azı 750 il yaşı var. Dahi alimimiz Nəsirəddin Tusinin irsi bu gün də uğurla davam etməkdədir. Bütövlükdə isə Şamaxı Astrofizika Rəsədxanasının gələcək inkişaf perspektivləri böyük ümidlər doğurur. Onun zəhmətkeş və istedadlı kollektivi milli mədəniyyətimizin ayrılmaz hissəsi olan elmimizi dünya səviyyəsində layiqli şəkildə təqdim etmək üçün əlindən gələni etməyə hazırdır.


Əyyub Quliyev, rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü, professor

www.respublica-news.az

  • Paylaş: