Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ordubad rayonunun tunc və ilk dəmir dövrü arxeoloji abidələrinə həsr edilən tədqiqat əsəri nəşr olunub
15.03.2019 10:14
  • A-
  • A
  • A+

Ordubad rayonunun tunc və ilk dəmir dövrü arxeoloji abidələrinə həsr edilən tədqiqat əsəri nəşr olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Naxçıvan ərazisində aparılan yerli və beynəlxalq (Azərbaycan-Fransa, Azərbaycan-ABŞ) arxeoloji ekspedisayaların iştirakçısı, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyevin “Ordubad rayonunun tunc və ilk dəmir dövrü arxeoloji abidələri” adlı monoqrafiyası nəşr olunub.  

Monoqrafiyada rayon ərazisində istər stasionar qazıntıların, istərsə də kəşfiyyat xarakterli axtarışların aparıldığı və qeydə alındığı bütün abidələr və əldə edilmiş arxeoloji materiallar nəzərdən keçirilərək təhlil edilib. Bundan başqa, Ordubad ərazisindəki tunc və ilk dəmir dövrünə aid yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər, arxeoloji abidələrdə aşkar edilən maddi-mədəniyyət nümunələri tədqiqata cəlb edilib, qruplaşmalar, analogiyalar və müqayisələr aparılıb, onların mənşəyi, xronoloji dövrləşməsi kimi mühüm mövzular araşdırılıb.

Əsər üç fəsildən ibarətdir. Birinci fəsil Ordubad rayonunun arxeoloji tədqiqat tarixi barədədir. İkinci fəsildə rayonun tunc və ilk dəmir dövrü arxeoloji abidələri — yaşayış yerləri, qəbir abidələri və qayaüstü təsvirlər barədə məlumatlar əks olunub. Əsərin üçüncü fəslində isə tapılmış arxeoloji materialların — əmək alətləri, saxsı məmulatlar, silahlar və bəzək əşyalarının təsnifatı verilib.

Nəşrin elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.

Monoqrafiya tunc və ilk dəmir dövrü  üzrə ixtisaslaşan arxeoloqlar, tarixçilər,  həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: