Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.05.2019 15:10
  • A-
  • A
  • A+

“Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya keçirilib

“Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya keçirilib

BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Cədvəli İli” elan olunması ilə əlaqədar olaraq, AMEA-nın illik ümumi yığıncağı çərçivəsində D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövri Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Kimyəvi elementlərin dövri sistemi təbiətin fundamental qanunlarından biridir” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, kimyəvi elementlərin dövri cədvəli kimyəvi elementləri sistemləşdirməklə yanaşı, fizika, kimya, biologiya, geokimya, kristalloqrafiya, astrofizika və digər elmlərin də inkişafında mühüm rol oynayır. XX əsrdə Dövri cədvəl bir çox dəyişikliklərə məruz qalmasına baxmayaraq, son nəticədə daha təkmil vəziyyətə gətirilib.

Məruzəçi Azərbaycanda qeyri-üzvi funksional materialların, yarımkeçiricilərin və topoloji izolyatorların məqsədli sintezi sahəsində axtarışlarda Dövri cədvəlin mühüm rolundan bəhs edib, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda son illərdə bu istiqamətdə əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.

Elmi sessiyada Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru Yunis Qəhrəmanov çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: