Oktyabrın 8-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti büro iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, eləcə də bir sıra alim və mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. O, bugünkü iclasda “Müşahidə olunmuş 125 QeV kütləli bozon həqiqətən Standart modelin Hiqqs bozonudur, yaxud spini 0 və 2 olan yeni neytral bozonların varlığı reallıqdır?” adlı məruzə ilə yanaşı, bir sıra elmi-təşkilati və kadr məsələlərinin müzakirə olunacağını diqqətə çatdırıb.
Məruzəni təqdim edən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov bildirib ki, 2012-ci il iyulun 4-də Böyük Adron Kollayderinin ATLAS və CMS eksperimentlərində kütləsi 126 QeV ətrafında olan və xassələri standart modelin qabaqcadan söylədiyi Hiqqs bozonunun xassələrinə uyğun gələn yeni neytral bozon kəşf olunub. Aparılmış təhlillər nəticəsində standart modeldən bəzi kənaraçıxmaların mövcudluğu elmi problem olaraq ortaya qoyulub.
V.Hüseynov ATLAS və CMS eksperimentlərində müşahidə olunmuş Hiqqs bozonu ilə bağlı açıq qalmış çoxsaylı sualların ortaya çıxdığını deyib. O, bu sualların cavablandırılması üçün bircins maqnit sahəsində kütləyə malik olan ixtiyari neytral bozonun W-bozon cütünə parçalanmasının tədqiq edildiyini qeyd edib.
Məruzə ətrafında akademiklər Nazim Məmmədov, Telman Əliyev, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Sərhəddin Abdullayev, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyev suallarla çıxış ediblər.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev məruzə ilə bağlı fikirlərini bölüşərək, mövzunun Azərbaycan elminin prioritet istiqamətlərinə daxil olduğunu söyləyib. Məruzənin AMEA-nın Rəyasət Heyətində müzakirəyə çıxarılmasının məqsədəuyğun olduğunu deyən alim bu kimi prioritet mövzularda araşdırmaların davam etdirilməsinin zəruriliyini qeyd edib.
İclasda FRTEB-in qərarına əsasən, məruzənin kainatın dərk olunması və fizikanın inkişafı nöqteyi-nəzərindən nüvə fizikasının ayrıca bölməsi olan elementar zərrəciklər fizikası, kosmologiya və astrofizika üçün mühüm elmi əhəmiyyəti nəzərə alınıb. Xarici maqnit sahəsində elementar zərrəciklərin qarşılıqlı təsirlərinin tədqiq olunması və onların astrofizika, kosmologiya və laboratoriya şəraitində tətbiq imkanlarının araşdırılması mühüm elmi məsələ kimi qeyd edilib və bu tədqiqatlara doktorant və magistrlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub.
Elmi məruzədə qeyd olunan prioritet məsələlərlə bağlı nüvə fizikasının ayrıca bölməsi olan elementar zərrəciklər fizikası, kosmologiya və astrofizika sahələrində müvafiq elmi-tədqiqatların aparılmasına hərtərəfli köməyin, o cümlədən maliyyə dəstəyinin göstərilməsi barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması təklif olunub.
Daha sonra akademik R.Əliquliyev AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının keçirilməsinin təşkili haqqında çıxış edib. O, gündəliyə daxil olan məsələlərin geniş şəkildə müzakirəyə çıxarılması məqsədilə bölmənin iclaslarının iki gün ərzində keçirilməsini təklif edib.
Alim bölmənin kurasiyasında olan digər elm və təhsil müəssisələrinin, həmçinin AMEA üzvlərinin hesabatlarının da dinlənilməsi üçün lazımi şəraitin yaradılacağını vurğulayıb.
“AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”na təkliflər haqqında çıxış edən R.Əliquliyev AMEA-da növbəti 5 ildə yerinə yetiriləcək işlər, prioritet istiqamətlərdə həyata keçiriləcək tədqiqatlar, elm və təhsilin inteqrasiyası və digər aktual məsələlərlə bağlı görüləcək işlərə dair kompleks təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim olunmasının vacibliyini qeyd edib.
Akademik müasir dövrdə ölkəmizdə gedən dəyişikliklərin, inkişaf tendensiyalarının ciddi elmi dəstək tələb etdiyini vurğulayaraq, bu istiqamətdə FRTEB-in qarşısında da ciddi vəzifələrin dayandığını söyləyib. Bildirib ki, əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial siyasətin həyata keçirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elektron elmin inkişafı və s. ilə bağlı dünya təcrübəsi öyrənilməli və ölkəmizdə tətbiqi ilə bağlı alimlər tərəfindən kompleks tədbirlər görülməlidir.
İclasda FRTEB-in elmi-müəssislərinin maddi-texniki bazasının gücləndirilməsinə dair təkliflər də müzakirə olunub. Bildirilib ki, bölmənin bəzi institut və təşkilatları müasir proqram təminatlı texniki avadanlıqlarla təmin olunmalıdır. Həmçinin FRTEB-yə daxil olan müəssisələrin şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, elmi təyinatlı avadanlıqların əldə olunması və s. ilə bağlı təkliflərin hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunması tövsiyə edilib.
Daha sonra AMEA-nın Fizika İnstitutunun əməkdaşı Asif Əsədovun Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilməsi, AMEA-nın Biofizika İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, eləcə də Biofizika İnstitutunun əməkdaşı Zərifə Osmanlının Fransanın Monpelye Universitetinə ikili doktorantura təhsili almaq məqsədilə ezam olunması haqqında qərarlar müzakirə olunub.
Tədbirin sonunda bir sıra kadr məsələlərinə baxılıb, sual və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.