AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikasının Elmlər Akademiyasının 150 illiyinə həsr edilmiş yubiley tədbirlərində iştirak etmək üçün Sofiya şəhərində səfərdə olub.
Səfərin ilk günü akademik Akif Əlizadə Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana Yotova ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında mövcud elmi əməkdaşlıq əlaqələri müzakirə edilib, bu münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və daha geniş miqyas alaraq müxtəlif sahələrə şamil olunması qərara alınıb.
Həmin gün nümayəndə heyəti Bolqarıstan Respublikasının Energetika naziri Temenujka Petkova ilə görüşüb və iki tərəfi maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Görüşdə akademik Akif Əlizadə T.Petkovaya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalını təqdim edib.
Daha sonra nümayəndə heyəti Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyində olub. Muzeyin direktoru, professor Nikolay Spasovla keçirilən görüşdə Kiçik Qafqazda, Azərbaycanın Daşkəsən rayonu ərazisində tapılan qranat (Süleymandaşı) mineral daşı muzeyə hədiyyə edilib.
Səfərin ikinci günü Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasim keçirilib. Tədbirdə AMEA prezidentinin videomüraciəti nümayiş olunub. Daha sonra akademik A.Əlizadə geniş nitq söyləyib. Yubiley tədbirində Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Julian Revalskiyə neft buruğunun maketi hədiyyə edilib.
Akademik Akif Əlizadə, həmçinin Bolqarıstan Dövlət Televiziyasına geniş müsahibə verib.
Yubiley mərasimi Bolqarıstanın Milli Mədəniyyət Sarayında başa çatıb. Bolqarıstanın hökumət rəsmilərinin, parlament nümayəndələrinin, alimlərin və qonaqların iştirak etdikləri tədbirdə Prezident Rumen Radev, Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalski və başqaları çıxış ediblər.
Səfər haqqında ətraflı reportaj “Elm” qəzetində dərc olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.