Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.10.2019 16:11
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub

Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub

Oktyabrın 18-də AMEA Rəyasət Heyətində Rusiya Elmlər Akademiyasının (REA) A.A.Borisyak adına Paleontologiya İnstitutunun direktoru, akademik Aleksey Lopatin, Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov və həmin universitetin prorektoru, professor Vaqif Kərimovla görüş keçirilib.

Görüşdə akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə elmə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda 27 Mart - Elm Günü kimi təsis edilib və cari il ilk dəfə olaraq bu istiqamətdə silsilə tədbirlər keçirilib. Akademik, həmçinin dünya elminə inteqrasiya və xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olan Azərbaycan alimlərinin II qurultayının keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

AMEA-da geologiya, paleontologiya, stratiqrafiya, geoekologiya, geopaleontologiya istiqamətlərində aparılan mühüm tədqiqatlardan, əldə edilən nailiyyətlərdən danışan akademik ənənəvi Azərbaycan-Rusiya ekspedisiyasının yaradılmasına ehtiyac olduğunu bildirib. Bundan əlavə, birgə tədqiqatlara gənc alimlərin cəlb edilməsinin, bu istiqamətdə gənc kadrların yetişdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə çıxış edən akademik A.Lopatin isə əvvəlcə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb, daha sonra rəhbərlik etdiyi müəssisə barədə məlumat verib. Qeyd edib ki, Paleontologiya İnstitutu Rusiyada bu istiqamətdə ixtisaslaşmış ən önəmli elmi-tədqiqat mərkəzlərindən biridir və müəssisənin müasir laboratoriyalarında fosil orqanizmlərin sistematikası və filogeniyası, ekosistemlərin və biosferin formalaşması və inkişafı, bioloji müxtəliflik, morfologiya, paleoekologiya, bakterial paleontologiya sahələrində fundamental tədqiqatlar aparılır. O, həmçinin institut əməkdaşlarının səyləri nəticəsində dünyanın ən böyük və məşhur paleontoloji muzeylərindən biri olan Paleontoloji Muzeyin yaradıldığını diqqətə çatdırıb.

Bu gün iki ölkə arasında dostluq münasibətlərinin yüksək olduğunu deyən A.Lopatin azərbaycanlı alimlərlə birgə tədqiqat aparmağın önəminə toxunub. O, xüsusilə Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi ərazisində azərbaycanlı paleontoloqlarla birgə araşdırma aparmaqda maraqlı olduqlarını dilə gətirib.

A.Lopatin daha sonra paleontologiyanın inkişafına verdiyi töhfələrə görə, akademik Akif Əlizadəyə "A.A.Borisyak medalı"nı və diplomu təqdim edib.

Sonra professor Vadim Kosyanov çıxış edərək azərbaycanlı həmkarları ilə birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb, Rusiya Geoloji Ensiklopediyası çoxcildliyini akademik Akif Əlizadəyə hədiyyə edib.

Görüşdə, həmçinin professor Vaqif Kərimov "Dağ-mədən" jurnalının Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr olunan xüsusi buraxılışının hazırlandığını söyləyib. Bildirib ki, jurnalın "Azərbaycanın dayanıqlı və dinamik inkişafının 25-ci ildönümü", "Azərbaycanın təbii sərvətləri", "Azərbaycanın dağ-mədən sənaye kompleksi", "Mədəniyyət-incəsənət potensialı" və s. bölmələrində müxtəlif məqalələr yer alıb.

Qeyd edək ki, görüşdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Rəyasət Heyəti aparatının idarə rəisi Zülfüqar FərzəliyevGeologiya və Geofizika İnstitutunun alimləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: