Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.11.2019 16:32
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Bu gün AMEA İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib.

Ümumi yığıncaq bölmənin tərkibinə daxil olan elmi tədqiqat müəssisələrinin nailiyyətlərini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgiyə baxışla başlayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, büro üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katiblər və aidiyyəti olan şəxslər iştirak ediblər.

Əvvəlcə akademik İsa Həbibbəyli çıxış edərək İctimai Elmlər Bölməsinin fəaliyyətindən bəhs edib. Alim son dövrlərdə bölmədə multidissiplinar tədqiqatların daha da genişləndiyini, mühüm elmi nəticələrin əldə olunduğunu nəzərə çatdırıb. Bildirib ki, bölmədə impakt faktorlu jurnallarda dərc olunan məqalələrin və istinadların sayının artırılması, beynəlxalq jurnallara sərbəst çıxışın təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Akademik İsa Həbibbəyli Azərbaycan dövlətinin və elmimizin daha da inkişafı naminə alim və mütəxəssisləri dünya elminin tələblərinə cavab verən prioritet istiqamətlərdə tədqiqatlar aparmağa çağırıb: "Biz ölkə başçısının azərbaycançılıq və dövlətçilik ənənələrinin inkişafı, eləcə də elmin tərəqqisi ilə bağlı bütün çağırışlarına cavab verməliyik". Dövlətçilik və milli maraqlarımızın ölkənin hüdudlarından kənarda tanıdılması üçün ekspedisiya və arxeoloji qazıntıların həyata keçirilməsinin zəruriliyindən danışan akademik İsa Həbibbəyli bu istiqamətdə xarici alimlərlə birgə tədqiqatlar aparmağın əhəmiyyətini xüsusi qeyd edib.

Daha sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramova “Azərbaycan sərhəd mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub. 

Ümumi yığıncaqda İctimai Elmlər Bölməsinin tərkibinə daxil olan elmi müəssisələrdə 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar dinlənilib. Hesabat məruzələrində bu il bölmənin institutları və Milli Azərbaycan Tarixi Muzeyində əldə olunan mühüm elmi nəticələr, Azərbaycan Respublikası Prezidentinin sərəncamları və dövlət proqramları, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının icrası ilə əlaqədar yerinə yetirilmiş işlər, həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verilib. Dövlət başçısının sərəncamları əsasında bir sıra mühüm tədbirlərin keçirilməsi, sanballı çap əsərləri, monoqrafiyaların ərsəyə gəlməsi, qabaqcıl elmi tədqiqat işlərinin müdafiə olunması haqqında danışılıb.

Sonra bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: