Dekabrın 20-də AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Ədəbiyyat və incəsənətdə milli kimlik və mənəvi zənginlik” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfrans AMEA-nın “İdeya-estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik” elmi-tədqiqat proqramı çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov institutda proqram üzrə aparılmış tədqiqatlardan, onun elmi-praktiki əhəmiyyətindən bəhs edib. Bildirib ki, milli mənlik, milli qürur kimi hisslərin formalaşmasında incəsənət və ədəbiyyat mədəniyyətin digər sahələri ilə müqayisədə hər zaman daha çox əhəmiyyət kəsb edib və bütün dövrlərdə ideya-estetik tərbiyə işində əvəzsiz rol oynayıb.
Sonra institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev “Azərbaycan “Oğuznamə”si və mənəvi dəyərlər sistemi” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Azərbaycan epik ənənəsində əksini tapan mənəvi dəyərlərimizdən, onların bir sistem kimi gənclərin ideya-estetik tərbiyəsində rolundan danışıb.
“Təsviri sənət mənəvi zənginliyin cismani göstəricisi kimi” mövzusunda məruzə edən Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov təsviri sənətin bədii sözlə əlaqəsindən, təsviri sənətin özünün təşəkkülü və tarixi baxımından bədii sözə bir illüstrasiya olaraq meydana gəlməsindən, onun insanın mənəvi kriteriyalarının özünəməxsus ifadə forması olmasından bəhs edib.
Tədbirdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Mahirə Quliyevanın “Bədii ədəbiyyatda əxlaq və mənəviyyat”, həmin institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin “Poeziyada milli kimlik probleminin vətənçilik və milli birlik idealları ilə ifadəsi” və Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun “Bədii təmayüllər və üslublar Azərbaycan teatrının milli kimliyinin təzahürü kimi” mövzusunda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.