Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ermənistan Azərbaycana qarşı düşmən mövqedə olduğunu bir daha bütün dünyaya sərgilədi
20.07.2020 12:42
  • A-
  • A
  • A+

Ermənistan Azərbaycana qarşı düşmən mövqedə olduğunu bir daha bütün dünyaya sərgilədi

Azərbaycan Respublikasının Prezidenti Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə məruzəsi zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları müstəvisində xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edərkən, yenə Ermənistan öz iç üzünü göstərərək, təklifə qarşı çıxmışdır.

Qeyd etmək yerinə düşər ki, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən dəvət edilməlidir. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə müsbət cavab verdiyi təqdirdə xüsusi sessiya təşkil oluna bilər. 

Azərbaycan Prezidentinin təklifinə isə BMT-yə üzv olan 130-dək ölkə dəstək verib. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan bu bəşəri təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl simasının şahidi oldu.

Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Azərbaycan Prezidentinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin bu ümumbəşəri təklifi beynəlxalq müstəvidə yüksək dəyərləndirilərək, qəbul edildi. Bunu isə Azərbaycan Respublikasının qlobal baxışının təzahürü kimi xarakterizə etmək olar.

Ələddin Məlikov, AMEA-nın Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial münasibətləri şöbəsinin müdiri, f.e.d., dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: