Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Erməni vandalizmi: Tarixi-mədəni irsimizə qəsd
06.10.2020 16:55
  • A-
  • A
  • A+

Erməni vandalizmi: Tarixi-mədəni irsimizə qəsd

Azərbaycan Respublikasının qədim tarixi ərazisi Dağlıq Qarabağ və ətraf yeddi rayon əsassız ərazi iddiaları ilə yaşayan Ermənistanın silahlı təcavüzü nəticəsində otuz ilə yaxındır ki, işğal altındadır. Bu işğal nəticəsində ərazimizin iyirmi faizi zəbt edilmiş, otuz mindən artıq vətəndaşımız qətlə yetirilmiş, bir milyondan artıq vətəndaşımız isə öz doğma yurd-yuvalarından didərgin salınmışdır.

Birləşmiş Milllətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını qınayan və bu münaqişənin ədalətli həlli ilə bağlı 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində 822, 853, 874 və 884 saylı qətnamələri qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləmiş və erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmiş, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırmışdır.

Eyni zamanda ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Birliyi, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlar mövcud münaqişə ilə bağlı hüquqi əsas kimi çoxsaylı qətnamələr qəbul etmişdir.

Lakin çox təəssüflər olsun ki, işğalçı Ermənistan bu kimi nüfuzlu, beynəlxalq təşkilatların məlum tələblərinə etinasız və saymazyana yanaşaraq, Azərbaycanın tarixi torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir.

Münaqışə zamanı keçmişimizdən, ulu əcdadlarımızdan bizə miras qalan tarixi, mədəni,memarlıq abidələrimiz və müqəddəs dini inanc yerlərimiz  olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası, Tağlar mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələri erməni vandalizminin qurbanına çevrilmişdir. Bu isə təkcə xalqımızın deyil, ümumilikdə bəşəriyyətin mənəvi irsinə qarşı qəsd, dünya mədəni sivilizasiyasına vurulan ağır zərbələr kimi Haaqa Konvensiyası, həmçinin YUNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır.

Beləliklə, beynəlxalq hüquq normalarını həyasızcasına tapdalayan Ermənistan otuz ilə yaxındır ki, bu zəngin tarixi, mədəni irsimizə xasmemarlıq və arxeoloji abidələrimizi işğal altında saxlayaraq, hərbi cinayət törətməklə onları kütləvi şəkildə məhv edir və ya saxta tarix yaratmaq xülyası ilə öz adlarına saxtalaşdırır. Xüsusilə ən qədim insan məskənlərindən biri olan Azıx mağarasında son zamanlar arxeoloji qazıntıların aparılması buna bariz nümunə ola bilər.

Təbii ki, bu kimi müasir vandalizm aktları dünya mətbuatının da nəzərindən qaçmaya bilməzdi. Belə ki, isveçrəli jurnalist, "Wochenzeitung" və "Neues Deutschland" nəşrlərinin əməkdaşı Andre Vedmer işğal altındakı ərazilərdə tarixi abidə və qəbiristanlıqların acınacaqlı vəziyyətinin şahidi olaraq Azərbaycanın Şuşa və Ağdamdakı bir çox mədəniyyət abidələrinin məhv edildiyini və ya ciddi zədələndiyini təsdiqləmişdir.

Ağdamın xarabalıqlarını görən digər bir jurnalist - Qafqaz üzrə tanınmış mütəxəssis, britaniyalı Tomas de Vaal Ağdamda ermənilər tərəfindən törədilmiş dağıntıları II Dünya müharibəsində amerikalıların darmadağın etdikləri yapon şəhərləri Xirosima və Naqasaki ilə müqayisə edərək, Ağdamı "kiçik Xirosima" adlandırmışdı.

Amerika Birləşmiş Ştatlarında çıxan nüfuzlu "Times of İsrael" qəzetində dərc olunmuş məqalənin müəllifi İsrael Baruk isə məqsədli şəkildə tarixi-mədəniyyət abidələrimizə qarşı vandalizm aktlarını törədən Ermənistanı, "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçu qruplaşması ilə müqayisə edərək yazır: "Ermənistan işğal edilmiş torpaqlarda azərbaycanlılara aid bütün izləri silməyə çalışaraq həmin rayonlarda bütün Azərbaycan toponimlərini, şəhərlərin və kəndlərin adlarını "erməniləşdirmək" siyasətini səylə tətbiq edir. İŞİD terrorçuları kimi, Ermənistan da tarixi faktları saxtalaşdırıb və ya məhv edərək yeni tarix yaratmağa çalışır. İŞİD tarixi yenidən yazmaq istədiyi kimi, erməni işğalçıları da bütün tarixi faktları təftiş etmək istəyirlər".

Ermənistan rəhbərliyi azərbaycanlıların tərk etdiyi dədə-baba yurdlarında azərbaycanlılara məxsus bütün tarixi izləri silməklə yanaşı xalqımızın, ümumilikdə isə bütün müsəlmanların heysiyyatına toxunmaq məqsədilə bəzi məscidlərdən hətta donuz və mal-qara üçün saxlanc yeri kimi də istifadə edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər də bir daha dünya ictimaiyyətinin bu ağrılı mövzuya obyektiv yanaşmasını tələb edir: "Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir".

Bir faktı da unutmayaq ki, tarixi-mədəni abidələrimizə qarşı törədilən bu kimi misli görünməyən soyqırım aktı təkcə işğal edilmiş ərazilərimizdə deyil, etnik təmizləmə siyasəti nəticəsində iki yüz əlli mindən artıq azərbaycanlının öz dədə-baba yurdlarından didərgin salındığı, minlərlə insanımızın qətlə yetirildiyi digər tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz mahallarında da aparılmışdır. Bu ərazilərdə də xalqımıza məxsus maddi-mədəni irsə qarşı vandalcasına dağıdıcı münasibət sərgilənmiş, onları yer üzündən tamamilə silmək kimi çirkin siyasət həyata keçirilmişdir.

Rəsmi və tarixi məlumatlara görə xalqımıza məxsus bu əzəli ərazilərdə çoxlu sayda tarixi-memarlıq abidələri, məscidlər, məqbərələr, muzeylər, karvansaralar, qəbiristanlıqlar və s. mövcud olmuşdur. Təkcə XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan üç yüz on məscid mövcud olmuşdur. Lakin hal-hazırda Ermənistan ərazisində azərbaycanlılara məxsus bu kimi tarixi-memarlıq abidələrindən yalnız ikisi saxlanılmışdır. Onlardan biri - İrəvan şəhərindəki Göy məsciddir ki, onu da mənfur ermənilər təmir və rekonstruksiya adı altında dəyişdirərək "Fars məscidi", digəri isə - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsidir ki, onu da "Türkmən abidəsi" kimi tanıtmağa çalışırlar. Eyni zamanda qədim İrəvan xanlığına məxsus İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən Xan sarayı və möhtəşəm Sərdar məscidi də tamamilə məhv edilmişdir.

Erməni vandalları xalqımıza məxsus tarixi-etnik torpaqlardakı izləri silməklə kifayətlənməyərək, eyni zamanda qədim türk mənşəli Azərbaycan toponimlərinə qarşı da barbarcasına kütləvi soyqırım həyata keçirirlər. Belə ki, istər indiki Ermənistan ərazisində, istərsə də işğal olunmuş ərazilərimizdə azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsinin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilməkdədir.

Təəssüflər olsun ki, tarixi irsimizə vurulan bu zərbələri dünya birliyi hələ də ağır sükut və susqunluqla seyr etməkdədir.

Coşqun MƏMMƏDOV, AMEA Rəyasət Heyətinin elmi katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: