Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2014 00:00
  • A-
  • A
  • A+

“Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabının təqdimatı keçirildi

“Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabının təqdimatı keçirildi

Bu gün AMEA İnsan Hüquqları İnstitutunda bu elm müəssisəsinin yeni nəşri olan “Ermənistan toponimi və hay xalqı: saxtalaşdırmanın mənbələri” kitabının təqdimatı keçirildi.

Təqdimat mərasimində millət vəkilləri, tarixçilər və KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, kitabın “Ön söz”ünün müəllifi, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva ermənilərin zaman-zaman tarixi saxtalaşdırmaq cəhdlərindən, azərbaycanlı alimlərin erməni müəlliflərin ifşa olunmasında qətiyyətli addımlarından söhbət açdı.

Bildirdi ki, institutun Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Abbas İslamovun rus dilində nəşr olunmuş yeni kitabında ermənilərlə “hay”ların nə kimi əlaqəsinin olmasından, onların tarixi keçmişindən, yazı, dil və əlifbasından söz açılır, yazılı abidələri barədə geniş şərhlər verilir. Təqdim edilən kitab arxiv sənədləri, tarixi abidələri əsasında uydurma erməni saxtakarlığını sübut edən növbəti əsərdir.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarının dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu və bu baxımdan sözügedən kitabın əhəmiyyət daşıdığını bildirdi. Qeyd etdi ki, 2015-ci ildə ermənilərin qondarma “soyqırım”ının 100-cü ildönümünün qeyd edilməsinə qarşı ölkəmizdə ciddi hazırlıq işləri görülür: “Bu istiqamətdə artıq beynəlxalq təşkilatlara müraciətlər var. Bizim əks arqumentlərimiz sistemli olmalıdır”.

AMEA-da yaradılmış“Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları Komissiyası”nın növbəti iclasında soyqırımla bağlı əməli addımların atılmasının qərara alındığını söyləyən akademik İsa Həbibbəyli bu mövzuda beynəlxalq tədbirin təşkilinin planlaşdırıldığını, soyqırımla bağlı kitabların kataloqunun nəşr ediləcəyini qeyd etdi: “Zəruri tarixi sənədlərin aşkara çıxarılıb kitab halında nəşr edilməsi əhəmiyyətli məsələdir. Komissiyanın fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdiyi soyqırımları sənədlərlə, faktlarla sübut edəcək.”

Sonra məruzə ilə çıxış edən kitabın müəllifi Abbas İslamov qeyd etdi ki, nəşdəki məlumatlar faktlara, tarixi sənədlərə söykənir.

Tədbirdə çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri, general-mayor Fərhad Vahabov, Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərli və başqaları erməni saxtakarlığına qarşı informasiya hücumunda yeni kitabın əhəmiyyətini və dəyərli mənbə olduğunu qeyd etdilər. Bildirdilər ki, ermənilərin məkrli siyasətinin, qəddarlığının dünya ictimaiyyətinə çatdırılması üçün bu və bu kimi kitabların xarici dillərə tərcümə olunmasına ehtiyac var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: