Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq
27.10.2020 16:12
  • A-
  • A
  • A+

Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq

“Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazilərin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyin etməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti mövcuddur. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində səsləndirib.

Son 30 il ərzində erməni siyasi rəhbərliyinə öz şərtlərini sülh yolu ilə heç bir hərbi müdaxilə olmadan təklif etməyi ölkəmizin xoşməramlılığından irəli gəlirdi. Bununla biz həm də beynəlxalq oyunçuların təkliflərini nəzərə almaqla, sülhə sadiqliyimizi ortaya qoyurduq. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev keçən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə 50-dən çox görüş keçirib və bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyinin sübutudur. Təcavüzkar, terrorçu Ermənistana qarşı vaxtında heç bir əməli tədbirin görülməməsi bu gün beynəlxalq normalara hörmətsizlik oların ümidlərinin heçə endirilməsinin göstəricisidir. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməli, Azərbaycana məxsus torpaqların boşaldılmasını tələb etməlidirlər. Lakin bunu etmədikləri təqdirdə Azərbaycan Ordusu öz müqəddaratını özü həll etməli oldu. Ali Baş Komandanın qeyd etdiyi kimi, Qarabağ münaqişəsinin yeganə həlli erməni vandalizminin işğalçı siyasətindən əl çəkməsi və doğma torpaqlarımızı öz sahibinə qaytarması birinci və başlıca şərtdir. Artıq bizim sülh yanaşmamız fayda vermədi, çünki Ermənistan bu yolu məqbul saymadı və bizi müharibə etməyə sürüklədi. İndi isə məntiq dəyişilib. Biz dinc yolla almalı olduğumuz ərazilərimizi hərbi yolla, şəhid verərək alırıq. Ərazi Azərbaycanındırsa, biz öz qanunlarımıza uyğun addım atmalıyıq.

Azərbaycan beynəlxalq hüququn gücü ilə əldə edə bilmədiyi mövqelərini hərbi güc tətbiq etməklə geri qaytarır. O da məlum oldu ki, dünya ancaq güclünün hüququnu tanıyır. Bu gücdə bizim haqq gücümüzdür. Bizm bu haqq işimizdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşən güclü ordumuz qısa zamanda üçrəngli bayrağımızı işğal altındakı şəhər və kəndlərimizdə dalğalandıracaq. Azərbaycan Ordusu xalqımızı növbəti zəfərləri ilə də sevindirməkdə davam edəcək. İşğal altındakı torpaqlarımız tezliklə azad ediləcək və qələbə bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq.

Tofiq MƏMMƏDOV, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: