Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2014 00:00
  • A-
  • A
  • A+

I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisinin açılışı olub

I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisinin açılışı olub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Müəllif Hüquqları Agentliyi və AMEA-nın birgə təşkilatçılığı ilə I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi öz işinə başlayıb.

Sərgi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı tədbirlər Planı”na uyğun həyata keçirilir.

Sərginin açılışında çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ölkəmizdə yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığını, iqtisadi effektivliyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətli inkişafına xidmət etdiyini vurğulayıb. İqtisadi tərəqqi naminə, sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Həmin ixtiralar isə öz növbəsində elmi-texniki araşdırmalara, yaradıcı fəaliyyətə bir sözlə insan kapitalına aid dəyərlərdir. Bildirib ki, rəqabətqabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktor kimi dəyərləndirilməlidir.

Komitə sədri, həmçinin əlavə edib ki, müasir sənayenin rəqabətqabiliyyətliyi artıq o qədər də investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında texniki yeniliklər-ixtiralar, faydalı modellər, sənaye nümunələri əsas amillər kimi qiymətləndirilir. Qeyd olunan intellektual komponentlər qeyri maddi aktivlər kimi çıxış edərək istehsal proseslərinin effektivliyini, səmərəliliyini artırmaqla bərabər sənaye məhsullarına əlavə istehlak xüsusiyyətləri verir, dünya bazarında daha da uğurlu nəticələrə yol açır. Bu isə öz növbəsində əqli mülkiyyət obyektləri üzərində müstəsna hüquqların qorunması mexanizminin – patent sisteminin rolunu günbəgün artırır.

Mərasimdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizədə əqli mülkiyyət və innovasiyaya həsr olunmuş sərginin Azərbaycanda ilk dəfə keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan elm, mədəniyyət, təhsil və digər sahələrdə innovativ istiqamətdə inkişaf edir.

Onun sözlərinə görə, Azərbaycanda bu kimi sərgilərin təşkili biznes və elm, biznes və təhsilin inteqrasiyasına təsir göstərəcək. Akademiya rəhbəri bu istiqamətlərdə birgə əməkdaşlıq əlaqələrinin qurulmasının önəmliyini vurğulayıb.

Tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da çıxış edərək sərgini sənayenin sürətli inkişafı istiqamətində mühüm faktor kimi qiymətləndiriblər.

Daha sonra sərgi pavilyonları ilə tanışlıq aparılıb. Məlumat verilib ki, sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, “Azərenerji”- nin Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Asan xidmət”in İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, SOCAR və s. təşkilatlar, patent almış ixtiraçılar və digər sənaye sahəsində fəaliyyət göstərən özəl nümayəndələri təmsil olunub.

Qeyd edək ki, sərgi iki gün davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: