Yanvarın 7-də AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 17 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən 20 Yanvar faciəsinin 25-ci ildönümünə, AMEA Mülki Müdafiə (MM) hazırlığının yekunlarının müzakirəsinə, həmçinin 2015-ci il üçün təşkilati göstərişlərə həsr olunmuş tədbir keçirildi.
Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan II Xüsusi şöbənin rəisi Eldar Quliyev 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində tutduğu yerdən, bu günə həsr olunmuş tədbirin əhəmiyyətindən söhbət açdı. O, çıxışında SSRİ-yə məxsus hərbi birləşmələrin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayətdən, Azərbaycan xalqının öz azadlığı uğrunda göstərdiyi şücaətdən danışdı. Bildirdi ki, ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Azərbaycan rəhbərliyi respublikanın, xalqın taleyi ilə bağlı gedən oyunların qarşısını almaqda acizlik və qətiyyətsizlik göstərirdi, rəhbər mövqeləri qorunub saxlanmaq yerinə xalqa qarşı gizli xəyanətkar planlar həyata keçirilirdi. Xalqın bütün məsuliyyəti öz üzərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı. O günlərdə həqiqi liderin meydanda olmaması bütün mahiyyəti ilə dərk olunurdu. Heydər Əliyevin—qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz, Heydər Əliyev oldu!
E.Quliyev, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir. Bu müdhiş gecədə Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın qəhrəman oğul və qızlarının dəfn edildiyi Şəhidlər xiyabanı indi hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilib”.
Tədbirdə çıxış edən Şamaxı Astrofizika Rəsədxananın Mülki Müdafiə qərargah rəisi Bahadır Abdullayev 20 Yanvar faciəsində baş verən vəhşiliklərdən danışaraq, faciənin xalqımızın qan yaddaşından silinməyəcəyini vurğuladı.
Daha sonra E.Quliyev, ötən il AMEA-da Mülki Müdafiə (MM) hazırlığının yekunları, elmi müəssisə və təşkilatların qərargah rəisləri tərəfindən 2015-ci il üçün MM tədbirlər planının hazırlanması, eləcə də cari məsələlər barədə ətraflı məlumat verdi. O, xatırlatdı ki, II Xüsusi şöbənin 2014-cü il iş planına əsasən AMEA-nın elmi müəssisə və təşkilatlarında MM-in təşkili və yaradılması, MM hazırlığı üçün metodiki köməklik və MM tədbirlərinin keçirilməsinin nəzarəti məqsədilə 34 elmi müəssisə və təşkilatda plan üzrə işlər aparılıb. Qeyd etdi ki, MM əmlakının, fərdi mühafizə vasitələrinin saxlanılması və saxlama qaydalarına düzgün riayət edilməsi, istifadəyə yararlığı yoxlanılıb. 26 elmi müəssisə və təşkilatda keçirilən Rəhbər heyətin məşqlərində Aşqarlar Kimyası, Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvü Kimya, Folklor, Dilçilik və Botanika institutları uğur qazanıb.
Tədbirdə yeni il üçün təşkilati göstərişlər, AMEA prezidentinin 24 dekabr 2014-cü il Sərəncamının icrasına dair planlar müzakirə olundu.
Müzakirədə II Xüsusi şöbəsinin aparıcı mütəxəssisi Əlimərdan Məhəmmədov 2015-ci il üçün elmi müəssisə və institutlarda həyata keçiriləcək proqramlar haqqında danışdı.
Sonda AMEA-nın institut və müəssisələrinin MM qərargah rəisləri Oqtay Fərzəliyev, Samit Mədətov, Murad Şahmuradov və başqaları məsələlərlə bağlı fikir və mülahizələrini bildirdilər, təkliflər irəli sürdülər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.