AMEA Gənc alim və mütəxəssislər şurasının (GAMŞ) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda şuranın 2014-cü il üçün elmi fəaliyyətinə dair illik hesabatı, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirinin təşkili, Şuranın tərkibində Nizam-İntizam Komissiyasının yaradılması və digər məsələlər müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AMEA Rəyasət Heyətinin müvafiq Sərəncamı ilə akademiyanın nəzdində fəaliyyət göstərən institut və elmi müəssisələrdə 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbirlərinin keçiriləcəyini bildirib. F.Salmanov 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Şura tərəfindən də anım tədbirinin keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən gənc alim və mütəxəssislərin iştirakı ilə yanvarın 19-da praktiki seminarın keçirilməsi qərara alınıb.
Şuranın ötən il üzrə ümumi hesabatına hazırlıq işləri də İdarə Heyətinin üzvləri tərəfindən müzakirə olunub. Yanvar ayının sonlarına nəzərdə tutulan hesabatın daha geniş auditoriyaya çatdırılması üçün tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də respublikada mövcud olan müvafiq fond və gənclər təşkilatlarının iştirakının təmin olunması məqsədəuyğun hesab olunub.
Təbirdə, həmçinin şuranın gələcək fəaliyyətində səmərəliliyin artırılması üçün daxili nizam-intizam qaydalarının gücləndirilməsi məqsədilə GAMŞ-ın strukturunda Nizam-İntizam Komissiyasının yaradılmasına dair qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.