Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2020 16:15
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu hesabat verib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu hesabat verib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun(MBBİ) Elmi şurasının birgə onlayn  iclası keçirilib. İclasda BTEB-in və MBBİ-nin Elmi şuralarının üzvləri, eləcə də mühüm elmi nəticələrin müəllifləri iştirak edib.

Tədbiri akademik İradə Hüseynova giriş sözü ilə açaraq, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, MBBİ-nin əməkdaşlarının Silahlı Qüvvələrin Yardım Fonduna və YAŞAT Fonduna köçürdükləri ianələrdən danışaraq, institutun əməkdaşlarını qələbə bayramı münasibətilə təbrik edib.

Daha sonra akademik İradə Hüseynova MBBİ-nin 2020-ci ildəki elmi fəaliyyətinə dair hesabatı təqdim edib. O, bildirib ki, hesabat ilində müəssisə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasının milli  iqtisadiyyat perspektivi  üzrə  strateji  yol  xəritəsi”  və digər dövlət proqramları çərçivəsində fəaliyyətini uğurla davam etdirib. 2020-ci ildə müəssisədə “Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom və proteom tədqiqatları, yeni biotexnologiyaların fundamental əsaslarının işlənib hazırlanması” istiqaməti üzrə 1 problem, 5 mövzuya aid 24 elmi tədqiqat işinin 33 mərhələsində nəzərdə tutulan tədqiqat işləri tam həyata keçirilib. Tədqiqatlar nəticəsində fotosintezin biofizikası, biokimyası və fiziologiyası sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Hesablama struktur biologiyası sahəsində makromolekulyar quruluş modellərinin validasiyası üçün atom yerdəyişmə parametrlərinin (AYP) analizlərinə əsaslanan yeni metod hazırlanmış və bu validasiya metodu Python proqramı və kitabxanası şəklində açıq lisenziya ilə istifadəyə verilmişdir. Populyasiya üzrə aparılan tədqiqatlarda Azərbaycanda yaşayan və qohum olmayan 765 aborigen azərbaycanlıdan ayrılan DNT nümunələrinin autosom xromosomlarda yerləşən STR markerlərlə tədqiqi nəticəsində hər bir STR lokus üçün populyasiya-genetik və məhkəmə-tibbi parametrlər təyin edilmiş, testlərin dəqiqliyi və STR lokusların məcmusu üzrə kombinə olunmuş parametrlər hesablanmış, 17 dünya populyasiyası arasında multiplet differensiasiya testləri aparılmışdir. Azərbaycan populyasiyası ilə İraq, İran və Türkiyə populyasiyaları arasında bütün STR lokuslar üzrə statistik cəhətdən əhəmiyyətli fərqlərin olmadığı aşkar edilmişdir. Bitkilərin stres faktorlarına davamlılıq mexanizmlərinin araşdırılması üzrə aparılan tədqiqatlar zamanı elm üçün əhəmiyyətli nəticələr əldə edilmişdir. Yüksək temperatur və su qıtlığı şəraitində kontrast buğda genotiplərində askorbat-qlütation tsikli komponentlərinin gün ərzində temperaturdan asılılıq dinamikasının tədqiqi zamanı müəyyən olunmuşdur ki, bitkilər antioksidant fermentlərin aktivliyini, askorbat və qlütationun miqdarını tənzimləməklə stresə müqavimət göstərirlər. Rehidratasiya prosesində quraqlığa davamlı buğda genotiplərindətilakoid membranların proteomu tamamilə bərpa olunur ki, bu da onların daha dinamik özünübərpa qabiliyyətini əks erdirir. Duz stresinin təsirinə məruz qalmış qarğıdalı bitkisi yarpaqlarının ultrastrukturunun elektron mikroskopu vasitəsilə analizi nəticəsində aşkar olunmuşdur ki, duzun yüksək qatılıqlarında mezofil hüceyrələrin xloroplastlarının qranal quruluşu dağılır, örtüktopa hüceyrələrin xloroplastlarında isə lamellyar quruluş qismən qranal quruluşa çevrilir. Azərbaycan və Almaniya mənşəli bərk, yumşaq və sintetik buğda genotiplərində su qıtlığı zamanı DREB1 geninin bazal ekspressiyasında genotipdən asılı fərqlər müşahidə edilməmiş, quraqlığın təsirindən genin hiperekspressiyası baş vermişdir. Digər istiqamətlərdə aparılan tədqiqatlarda Fe-Ni ərintisindən istifadə etməklə suyun oksidləşməsini həyata keçirən effektiv və stabil elektrod işlənilib hazırlanmış və tədqiq edilmişdir. İlanbaşı (Dracocephalum palmatum Stephan) bitkisindən alyrılmış ekstrakt və onun fraksiyaları leykemiyanın ağır forması olan böyük B hüceyrə limfomasında transkripsiya faktorlarını tənzimləyən Myc protoonkogenlər ailəsini inhibirləşdirməklə kaspaz və mitoxondri ilə bağlı apoptoz yaratdığı və və normal hüceyrələrə təsir etmədiyi müəyyən edilmişdir. Əldə olunan nailiyyətlər əsasında 7 mühüm nəticə BTEB-ə təqdim olunub. Buğdanın “Yubiley 90” və “Lider” sortları rayonlaşdırmaq üçün Aqrar Xidmətlər Agentliyinin Dövlət  Sort Sınaq Məntəqəsinə təqdim olunub.

Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 71 məqalə, 48 tezis, 1 monoqrafiyanın hazırlandığını, onlardan 41 məqalə və 10 tezisin xarici jurnallarda nəşr edildiyini vurğulayıb. Bu məqalələrdən 27-nin “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşən jurnallarda dərc edildiyini diqqətə  çatdıran akademik İradə Hüseynova institut əməkdaşlarının elmi əsərlərinə minlərlə istinadlar olduğunu, əməkdaşların dəfələrlə yerli və xarici konfranslarda məruzələrlə çıxış etdiklərini bildirib. Məlumat verib ki, cari ildə “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” məcmuəsinin ingilis dilində 4-cü nömrəsi  çapdan çıxıb.

Akademik İ.Hüseynova hesabat ilində imzalanan müqavilələr, yerli və beynəlxalq qrant layihələri, beynəlxalq əlaqələr, layihələr üzrə işlər, kadr hazırlığı, elektron elmin vəziyyəti, xarici ölkələrə elmi səfərlərdən, yerli və beynəlxalq səviyyəli konfrans və digər tədbirlər haqqında da ətraflı danışıb. O, bildirib ki, pandemiya və müharibə şəraitinin çətinliklərinə baxmayaraq cari ildə də kollektiv  elmi araşdırmalarını uğurla davam etdirib.

Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib.

İradə Hüseynova akademiklər Qərib MəmmədovValidə Əlizadə, AMEA-nın müxbir üzvləri – Novruz Quliyevİbrahim Əzizov, Tofiq MəmmədovPənah Muradov, biologiya elmləri doktorları –  Ulduz Həşimova və Səyyarə İbadullayeva, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov və digərləri müəssisənin il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək, rəhbərliyə və əməkdaşlara tövsiyələrini bildiriblər. İnstitutda çalışan gənclər adından biologiya üzrə fəlsəfə doktorları Samirə Rüstəmova və Ulduzə Qurbanova gəncələrə yaradılan sağlam şəraitə görə müəssisə rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Hesabatın sonunda çıxış edən akademik İradə Hüseynova müəssisənin fəaliyyətini yüksək qiymətləndirdiyinə və xoş sözlərə görə Biologiya və Tibb Elmləri Bölməsinin üzvlərinə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: